YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin plenar iclasında 19 məsələ müzakirə olunub

Aprelin 23-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

İclası açan parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.

İclasın gündəliyinə 19 məsələ daxildir.

Əvvəlcə cari məsələlər müzakirə olunub. Sonra gündəlikdəki məsələlərə baxılıb.

İlk olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi məsələsinə baxılıb. Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məsələ barədə məlumat verərək qeyd edib ki, 5 şəxs İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizəd seçilib. İrəli sürülmüş namizədlər arasından hər təşkilatdan bir nəfər olmaqla 6 il müddətinə təsdiq ediləcək.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb. Namizədlikləri idman federasiyaları tərəfindən irəli sürülən Yusif Babanlı, dini konfessiyalar tərəfindən irəli sürülən Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən irəli sürülən Zemfira Qafarova İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvləri seçiliblər.

Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, mövcud qanunvericiliyə əsasən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində pul təminatı dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür.

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanunun 20.3-cü maddəsinə müvafiq olaraq kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərxis olunan günə aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınır.

Qeyd olunan şəxslər xidmətdən tərxis olunmazdan əvvəl sərəncama götürülür, bir müddət sərəncamda qalır, daha sonra isə xidmətdən tərxis olunurlar.

Belə olan halda onların pensiya hesablanan pul təminatının məbləği aşağı olur. Belə ki, bu hallarda birbaşa xidmətlə əlaqədar bəzi əlavələr (məxfi sənədlərlə iş, peşəkarlığa, mühüm tapşırıqlara, xidmətdə fərqlənməyə görə əlavələr) və sonrakı artımlar pensiyada nəzərə alınmır.

Qanunvericilik təşəbbüsü hüququ subyekti bu təklifi kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılması məqsədi ilə təqdim edib.

Bu baxımdan layihədə təklif olunur ki, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçuları sərəncamdan tərxis olunarkən onların pensiyası sərəncama götürüldüyü günə aldıqları pul təminatından hesablansın. Layihənin maliyyə tutumu digər aidiyyəti dövlət orqanları ilə yanaşı, Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də razılaşdırılıb. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, qanun layihəsi "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1297-VQD nömrəli Qanununun icrası məqsədi daşıyır. Həmin Qanuna əsasən daşınmaz əmlaka mülkiyyət hüququnu təsbit edən ipoteka kağızı elektron sistem vasitəsilə qeydiyyata alınır və sənədsiz qiymətli kağız hesab olunur. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı sənədsiz adlı qiymətli kağız formasında rəsmiləşdirilir. Həmin dəyişikliyə uyğun olaraq, 194.5-ci maddədən "sənədli" sözü çıxarılır. Qanun layihəsi səsvermə yolu ilə qəbul olunub.

İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə "Qiymətli kağızlar bazarı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Bildirib ki, qanun layihəsi "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1297-VQD nömrəli Qanununun icrası məqsədi ilə hazırlanıb. Həmin Qanuna əsasən "daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı"nın tərtibi, qeydiyyatı və sair ilə bağlı xüsusi müddəalar müəyyən edilib və bu məsələlərin Mülki Məcəlləyə və "İpoteka haqqında" Qanuna uyğun olaraq tənzimlənməsi nəzərdə tutulur. Qanun layihəsi səsə qoyularaq təsdiq olunub.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, nəzərdə tutulan dəyişikliklər "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli Sərəncamına uyğunlaşdırmaq məqsədi daşıyır. Qanun layihəsi səsvermə yolu ilə qəbul edilib.

İclasda, həmçinin "Müflisləşmə və iflas haqqında" Qanuna təklif olunan dəyişikliklər də səsə qoyularaq təsdiqlənib.

Sonra Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinə birinci oxunuşda baxılıb. Qeyd olunub ki, qanun layihəsi yük daşınması müqaviləsinin, o cümlədən yük göndərən anlayışının dəqiqləşdirilməsi, daşıyıcı və yük alan anlayışlarının müəyyən olunması, habelə yük göndərənin və ekspeditorun (daşıyıcılar vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsin) məsuliyyətinin gücləndirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq təsdiq olunub.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Fitosanitar nəzarəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirib ki, nəzərdə tutulan dəyişikliklər fitosanitar nəzarəti və dövlət fitosanitar xidməti sahələrində fəaliyyət göstərən aidiyyəti dövlət orqanlarının səlahiyyət bölgüsünün dəqiqləşdirilməsini və qarşılıqlı əməkdaşlıq əlaqələri ilə bağlı məsələləri nəzərdə tutur. Belə ki, “Fitosanitar nəzarəti haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, fitosanitar nəzarəti sahəsində səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinə, dövlət fitosanitar xidməti sahəsində səlahiyyətlər isə Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunur. Sonra təklif olunan dəyişikliklər səsə qoyularaq təsdiqlənib.

İclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziya və icazələr haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Bildirilib ki, təklif olunan bu dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır və qanunvericiliyin təkmilləşdirilməsinə və dəqiqləşdirilməsinə xidmət edir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edilib.

Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Su, Meşə, Torpaq və Şəhərsalma və Tikinti məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirib ki, həmin məcəllələrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) ilə bağlı müvafiq dəyişikliklər edilir. ƏMTQ-nin əsas məqsədi qeyd olunan qanunun əlavəsində göstərilən fəaliyyət həyata keçirilərkən ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin aşkara çıxarılması, onların aradan qaldırılması və ya azaldılması üçün tədbirlərin görülməsidir. Bunun üçün həmin sahələrə dair strateji ekoloji qiymətləndirmə sənədinin hazırlanması və həmin sənədin dövlət ekoloji ekspertizasının keçirilməsi də layihələrdə əksini tapıb. Qeyd olunub ki, “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “Ekoloji təhlükəsizlik haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” və “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” məsələlər də eyni mahiyyəti daşıyır.

Daha sonra plenar iclasda İnzibati Xətalar, Mülki, Vergi, Mənzil, Gömrük məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda müzakirə edilib. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edilib.

Komitə sədri Ziyad Səmədzadə “Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirilib ki, dəyişikliklər “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2018-ci il 4 may tarixli qanunun icrası məqsədi ilə hazırlanıb. Qanun layihəsinə görə, sahibkarlıq subyektləri mühasibat uçotunu aparmalı, maliyyə, habelə statistik hesabatlarını tərtib və təqdim etməlidirlər. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda, həmçinin “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda nəzərdən keçirilib. Sənəd səsə qoyularaq qəbul edilib.

Komitə sədri Ziyad Səmədzadə “Standartlaşdırma haqqında” qanun layihəsi ikinci oxunuşda təqdim edib. Bildirilib ki, “Standartlaşdırma haqqında” qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndinə uyğun olaraq, standartlaşdırmanın məqsəd və prinsiplərinin, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesinin, standartlaşdırma fəaliyyətlərinin maliyyələşdirilmə mənbələrinin, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinin və standartlaşdırma subyektlərinin bu sahədə fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.