YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Dövlətlərin üzləşdiyi eyni problemlə bağlı ABŞ fərqli münasibət bildirir

«ABŞ 20 ildən çoxdur ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması ilə bağlı mövqe bildirməyib. Amma belə bir mövqeyini Ukraynadakı parlament seçkilərinə münasibət bildirərkən bu ölkəyə qarşı ifadə edib. Birləşmiş Ştatlar Ukraynanın ərazi bütövlüyünün təmin olunması və Krımın geri qaytarılması haqda bəyanat verib. Təəssüf ki, dövlətlərin üzləşdiyi eyni problemlə bağlı ABŞ fərqli münasibət bildirir» . Bu fikirləri Milli Məclisin bugünkü iclası zamanı çıxışında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Azərbaycanda dəfələrlə demokratik seçkilərin keçirilməsinə baxmayaraq, ABŞ belə bir bəyanat verməyib. Onun sözlərinə görə, bu da bir daha beynəlxalq təşkilatların, böyük dövlətlərin ikili standartlarının bariz nümunəsidir.

«Ona görə də biz təklif edirik ki, Milli Məclis adından ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət ünvanlayaq və onlardan bu məsələlərə aydınlıq gətirmək üçün hesabat tələb edək. Ukraynada keçirilən seçkilərin nəticələrinin mürəkkəbi qurumamış ABŞ bu seçkilərin ədalətli, şəffaf və düzgün keçirilməsi ilə bağlı bəyanat verdi. Bəyanatda o da bildirildi ki, Krımın Ukraynaya qaytarılmasına nail olunmalıdır. Biz bu seçkilərə qarışmırıq, onların daxili işləridir. Amma ABŞ-ın bu münasibətinə susmaq olmur. Hamı bilir ki, orada parlament seçkiləri necə və hansı şəraitdə keçirildi, ölkənin bütün ərazisində baş tutmadı. Amma dünyada demokratiyanı, ədaləti təbliğ edən ABŞ rəhbərlik səviyyəsində dərhal seçkilərin düzgün keçirilməsi və Krımın Ukraynaya qaytarılmasına yardım edəcəyi ilə bağlı bəyanat verdi. Bəs ABŞ həmsədr dövlət olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyini bəyan etmir? Bu bir daha ikili standartların göstəricisidir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.