YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İdris İsayev: Sağlamlıq imkanları məhdud uşaqların təhsilalma hüquqları konstitusion hüquqlardan biridir

“Dünya əhalisinin 15 faizi əlilliyi olan şəxslərdir. Onlardan 93 milyon nəfəri 14 yaşadək olan uşaqlardır. Azərbaycanda 18 yaşadək uşaqlar arasında sağlamlıq imkanları məhdud olanların sayı təxminən 70 mindir. Həmin şəxslər xüsusi qayğıya ehtiyacı olan təbəqə kimi daim diqqət mərkəzindədir”. Bu fikirləri təhsil nazirinin müavini İdris İsayev deyib.

İ.İsayev bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların təhsil almasına dair müvafiq addımlar atılır. Onun sözlərinə görə, bu tipli uşaqların bütün hüquqları digər şəxslərlə bərabər dövlət tərəfindən təmin edilir. Həmin uşaqların təhsilalma hüquqları da konstitusion hüquqlardan biridir.

“Ölkəmizdə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” hazırlanıb və ölkə başçısının Sərəncamı ilə təsdiq edilib. İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir. Sağlamlıq imkanları məhdud uşaqlar dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etdikdə, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissi inkişaf edir, həmçinin onların həyata və cəmiyyətə fəal inteqrasiyası təmin edilir. Azərbaycanda 15 ümumtəhsil məktəbi, 13 məktəbəqədər təhsil müəssisəsində 268 nəfər əlilliyi olan uşaq inklüziv təsirə cəlb edilib. Bu gün də həmin təhsil müəssisələrində inklüziv təhsil davam edir. Təhsil Nazirliyi UNICEF-lə birgə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlayıb, paytaxtın dörd məktəbində 54 nəfər sağlamlıq imkanları məhdud şagird inklüziv təhsilə cəlb olunub, onların xüsusi təhsil ehtiyacları qiymətləndirilib, fərdi təlim proqramları hazırlanıb və müəllimlər təlimlərə cəlb edilib. Eyni zamanda, cari tədris ilində sağlamlıq imkanları məhdud 10 minədək uşaq xüsusi təhsil müəssisələrində dərs alır”-deyə, nazir müavini vurğulayıb.