YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nuşirəvan Məhərrəmli: Dilə münasibət hər bir insanın vətəndaşlıq mövqeyidir

“Televiziya və radioda ədəbi dilin qorunması daim diqqət mərkəzindədir, hər bir azərbaycanlı üçün ciddi bir məsələdir. Biz də Milli Televiziya və Radio Şurası olaraq, bu məsələni daim diqqətdə saxlayırıq”. Bu fikirləri  Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli bildirib ki, ötən il Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Həmin fərmana əsasən, Azərbaycanda dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılacaq.

“Bu mərkəz fəaliyyətə başlayandan sonra onun qərarları bizə göndərilərsə, təbii ki, həmin qərarlar əsasında tədbir görə bilərik. Lakin hesab edirəm ki, aparıcılarımızın, xüsusən də xəbər aparıcılarının ciddi dil qüsurları yoxdur. Təbii ki, müəyyən dərəcədə var, demək olar ki, heç bir insan Azərbaycan dilinin bütün incəliklərini 100 faiz bilmir. Hər kəs öz fikrini bildiyi formada ifadə edir, amma ədəbi dil normalarına riayət etmək başucalığı gətirir ki, bu da xəbər aparıcıları üçün əsas məsələdir. O ki qaldı şou aparıcılarına, verilişlərə dəvət olunan qonaqlara, bunlar başqa məsələlərdir. Ümumiyyətlə, Azərbaycan vətəndaşı olan istənilən şəxs dinindən, millətindən asılı olmayaraq Azərbaycan dilini bilməlidir, bu bir vətəndaşlıq borcudur. Çünki o, Azərbaycan dövlətinin vətəndaşıdır. Dilə münasibət hər bir insanın vətəndaşlıq mövqeyidir”-deyə, N.Məhərrəmli vurğulayıb.