YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya İxrac Mərkəzinin rəhbəri: Azərbaycan birgə iqtisadi layihələr baxımından Rusiya şirkətləri üçün cəlbedicidir

Ötən il Rusiyadan Azərbaycana ixracat 12,5 faiz artaraq 1,7 milyard dollara çatıb. İki ölkə arasında əmtəə dövriyyəsi isə 13,8 faizlik artımla 2,4 milyard dollar olub.

Bu məlumat Rusiya İxrac Mərkəzinin materiallarında yer alıb.

Mərkəzin rəhbəri Andrey Slepnyov TASS agentliyinə müsahibəsində deyib: “Azərbaycan müasir, dinamik inkişaf edən ölkədir. Bu amil Rusiya şirkətlərini birgə iqtisadi layihələrin həyata keçirilməsinə cəlb edir. Azərbaycan bazarında 750-dən çox birgə müəssisə, o cümlədən 100 faizlik Rusiya sərmayəsi ilə 300 və birgə kapitalla fəaliyyət göstərən 450-dən çox şirkət var”. Onun sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi və birgə istehsalın inkişafı istiqamətində fəal iş aparılır. Bunun real nəticələrindən biri QAZ şirkətinin Azərbaycanda avtoyığma zavodunun yaradılmasıdır. Cari ilin fevralında kommersiya yük avtomobillərinin və xüsusi texnikanın yeni istehsalının təməli qoyulub.

A.Slepnyov əlavə edib: “Biz Rusiya və Azərbaycan şirkətləri arasında əlaqələrin gücləndirilməsi üçün səmərəli platforma hazırlamışıq. 2018-ci ildə Rusiya İxrac Mərkəzi Azərbaycana 284 milyon dollarlıq ixracın həyata keçirilməsini dəstəkləyib”. O xatırladıb ki, mərkəz Bakıda 2017-ci ilin dekabrından fəaliyyət göstərir. Azərbaycan nümayəndəliyi rusiyalı ixracatçılara və Azərbaycanda Rusiya mallarının alıcılarına uyğun tərəfdaşlar tapmaqda, sərgi-yarmarka tədbirlərində və işgüzar missiyalarda iştirak etməkdə, həmçinin üçüncü ölkələrdə birgə layihələrə maliyyə və qeyri-maliyyə dəstəyinin göstərilməsində, ortaya çıxan maneələrin aradan qaldırılmasında və s. məsələlərdə kömək edir.

Agentlik qeyd edir ki, 2018-ci ildə Rusiyadan Azərbaycana ixrac olunan mallar əsasən aşağıdakı əmtəə qruplarından ibarət olub: ərzaq malları və kənd təsərrüfatı xammalı (422,1 milyon dollar), maşın, avadanlıq və nəqliyyat vasitələri (381,6 milyon dollar), metal və metal məmulatları (315,9 milyon dollar), taxta-şalban və sellüloz-kağız məmulatları (238,1 milyon dollar), həmçinin kimya sənayesi məhsulları və kauçuk (198 milyon dollar).

Eyni zamanda, Rusiya 526,1 milyon dollarlıq ərzaq məhsulları və kənd təsərrüfatı xammalı, 103,6 milyon dollarlıq mineral məhsullar, 35,9 milyon dollarlıq toxuculuq məmulatları və ayaqqabı, digər mallar idxal edib.