YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan “Womex” dünya musiqi EXPO 2014-də təmsil olunub

İspaniyanın Qalisiya vilayətinin Santyaqo de Kompostela şəhərində keçirilmiş 20-ci “Womex” dünya musiqi EXPO-sunda Azərbaycan böyük müvəffəqiyyətlə təmsil olunub.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan ilk dəfə olaraq dünya musiqi sənayesinin bu böyük musiqi ticarət yarmarkasında iştirak edib.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, sərgidə həmişəki kimi peşəkar dünya musiqi sənətinin son nailiyyətləri nümayiş olunub. 1994-cü ildən etibarən burda Azərbaycanın tanınmış muğam ifaçıları konsert proqramı ilə çıxış ediblər. Bu il isə, “Womex” EXPO-nun 20-ci ildönümündə, ilk dəfə olaraq Azərbaycanın ənənəvi musiqisinə həsr olunmuş guşə yaradılıb və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İspaniyaya ezam olunub.

Tədbirdə milli musiqi alətləri sərgilənib və səsləndirilib. Ziyarətçilərə Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan muğam, klassik və caz musiqisinə aid çap-reklam məhsulları, kitablar, CD disklər, Basqal İpək Mərkəzinin hazırladığı kəlağayılar təqdim olunub.

Dünyanın 90 ölkəsindən tədbirə qatılan 2500 nəfərə Azərbaycan musiqi mədəniyyəti haqqında geniş məlumat verilib.

Eyni zamanda ölkəmizə həsr olunmuş “Music Reception” gecəsinə dəvət olunanlar Azərbaycan çayına, paxlavasına və milli şərablara qonaq edilib, istedadlı pianoçu Elçin Şirinovun rəhbərlik etdiyi etno-caz qrupunun çıxışını dinləyib. Bütövlükdə nümayiş olunan 277 guşə arasında Azərbaycan guşəsi iştirakçılar və Womex təşkilatçıları tərəfindən ən maraqlı və zəngin guşə kimi dəyərləndirilib, Azərbaycan musiqiçiləri isə bir sıra beynəlxalq festival və EXPO- lara dəvət alıblar.

Tədbir zamanı Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlarının bir sıra mühüm festival və EXPO rəhbərləri ilə qarşılıqlı əməkdaşlıq barədə görüşləri baş tutub, çoxsaylı təkliflər alınıb, radio, jurnal və internet səhifələri üçün müsahibələr təşkil olunub.

Eyni zamanda Azərbaycan 2015-ci ildə Budapeşt şəhərində keçiriləcək növbəti “Womex” dünya musiqi EXPO 2015 -ə dəvət alıb.