YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Britaniya üçün etibarlı tərəfdaşdır

Mərkəzi Asiya və Cənubi Qafqaz Biznes Maraq Qrupu (CATBIG) və Avropa Azərbaycan Cəmiyyətinin (AAC) birgə təşkilatçılığı ilə Londona “Azərbaycanda siyasi, iqtisadi və ticarət imkanları” mövzusunda brifinq keçirilib.

Tədbirdə, Britaniya da daxil olmaqla bir çox ölkədən şirkət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, yerli və xarici ictimaiyyət nümayəndələri iştirak edib.

CATBİG-nin sədri Peter Lindsay tədbiri açaraq, Azərbaycan üçün əhəmiyyətli mövzuda belə bir tədbirin keçirilməsindən məmnunluğunu ifadə edib.

AAC-nin icraçı direktoru Lionel Zetter Azərbaycanda siyasi, iqtisadi və ticarət imkanlarını müzakirə etməyin əhəmiyyətini qeyd edib. Ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqəti cəlb edərək, problemin hələ də davam etdiyini, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkününün olduğunu bildirib.

Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendri beynəlxalq sistemdə ticarət tərəfdaşlığının vacib məsələ olduğunu və Azərbaycanın bu sahədə fəal olduğunu bildirib. Qeyd edilib ki, Britaniya Parlamentində Azərbaycandakı ticarət imkanları ilə bağlı həmişə geniş müzakirələr aparılır. Hazırda, Britaniya ilə Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur: “Mən parlament nümayəndəsi və ticarət elçisi olaraq həmişə Britaniya şirkətlərinin Azərbaycanla ticarət etməsinin tərəfdarı olmuşam”.

Elçi daha sonra deyib ki, Azərbaycan ilə Britaniya arasında ikitərəfli münasibətlər, həmçinin ticarət əlaqələri sürətlə inkişaf edir. Azərbaycan hökuməti də hər sahədə bu münasibətlərin inkişaf etməsinə yaxından dəstək olur.

Hazırda enerji sahəsindəki münasibətlərimiz yüksək səviyyədədir. “BP” şirkəti Azərbaycanda ən böyük xarici investorlardandır. TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Bu layihələr Azərbaycan neftinin və qazının Avropaya çıxarılmasında və Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır.

Ç.Hendri Bakının infrastrukturu haqqında danışıb. Bildirib ki, nəqliyyatın, sənayenin inkişafı, yaşayış səviyyəsinin yüksəlməsi, yeni binalar, müasir otellərin inşası biznesmenlər və ticarət şirkətləri üçün də böyük imkanlar yaradır. Hazırda Britaniya şirkətləri “Bakı Ağ Şəhər” layihəsində də yaxında iştirak edirlər.

O, Azərbaycanda, həmçinin informasiya texnologiyaları, nano və bio texnologiyalar, kosmik sənaye və bir çox digər sahənin sürətlə inkişaf etdiyini bildirib. “Azərbaycanda bütün sahələrin sürətli inkişafı, ölkələrimiz arasındakı sıx münasibətlər onu deməyə əsas verir ki, Azərbaycan Britaniya üçün etibarlı tərəfdaşdır” – deyə, Ç.Hendri vurğulayıb.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdən danışıb, əlaqələrimzin gələcəkdə daha da güclənəcəyinə əminliyini ifadə edib.

Enerji sahəsinindəki nailiyyətlərlə yanaşı, Azərbaycanın qeyri-neft sektoru haqqında da məlumat verməyin əhəmiyyətini vurğulayıb.
Ölkəmizin son illərədki sürətli inkişafına toxunan səfir, iqtisadi, siyasi, sosial və başqa sahələrdə əldə edilən uğurlar haqqında statistik göstəricilər ilə məlumat verib.

Bildirilib ki, 2003-2013 illəri ərzində Azərbaycanda iqtisadiyyat 3,2 dəfə, sənaye istehsalı 2,7 dəfə və kənd təsərrüfatı 1,5 dəfə artıb. Bu artım və dinamik iqtisadi inkişaf 2014-ci ildə də davam edib. Cari ilin ilk doqquz ayında iqtisadi göstəricilər çox müsbətdir. Bu dövr ərzində Azərbaycanın Ümumi Daxili Məhsul 2,5 faiz, qeyri-neft sektoru isə 6 faiz artıb. İnflyasiya xeyli aşağı düşərək 1,5 faiz təşkil edib. Ölkəyə ilin əvvəlindən 19 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. Bunun 11 milyardı daxili sərmayədir.

T.Tağızadə Azərbaycanın artıq beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib. Vurğulanıb ki, gələn il Bakı birinci Avropa Oyunlarına, 2016-ci ildə isə Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək. 2016-cı ildə Azərbaycanda həmçinin “Formula 1” Grand Prix avtomobil yarışı keçiriləcək. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik. 2020-ci ildə isə UEFA EURO-nun bəzi oyunları London və digər 11 Avropa şəhəri ilə birgə Bakıda da keçiriləcək.

Kosmik sənayeyə və peyk texnologiyalarına əsaslanan yenilikləri ümummilli inkişaf proqramına daxil etməklə, Azərbaycan hökuməti ölkəni iqtisadi cəhətdən gücləndirməyi, eyni zamanda, mövcud intellektual potensialın inkişaf etdirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsini hədəfləyir.

Azərbaycanın investisiya cəlbediciliyi barədə məlumat verən T.Tağızadə, ölkəmizin siyasi və makroiqtisadi baxımdan sabit məkan, regionun iqtisadi və mədəni mərkəzi, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı, etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb. Bu il ölkəmizin sənaye istehsalı sahəsinə xüsusi diqqət yetirildiyini qeyd edib. İnfrastruktur layihələrinin icrasının sürətlə davam etdiyini bildirib. “Şahdəniz”, TAP, TANAP layihələrinin həm Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacağını, həm də qlobal müstəvidə qaz təchizatının həcmlərinin artmasına töhfə verəcəyini bildirib.

Ölkəmizin gələcək inkişaf planları haqqında da danışan səfir, "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında ətraflı məlumat verib. Konsepsiya çərçivəsində hədəfimizin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının beynəlxalq standartlara tam uyğunlaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə edilməsi olduğunu diqqətə çatdırıb.

Diplomat çıxışının sonunda, Azərbaycanı görməyənləri ölkəmizə dəvət edib, zəngin tarixi rsimiz, mədəniyyətimizlə tanış olmağa çağırıb.

Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv