YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının hərbi qulluqçularının bir qrupu təltif edilib

Martın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə fərqləndiklərinə görə bir qrup şəxsin təltif edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Dövlətimizin başçısının Sərəncamına əsasən, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanova general-leytenant ali hərbi rütbəsi verilib. Digər Sərəncamla isə Dövlət Təhlükəsizliyi Xidmətinin bir hərbi qulluqçusuna general-leytenant, üç nəfərə isə general-mayor ali hərbi rütbələri verilib.

Azərbaycan Prezidentinin başqa bir Sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin 6 nəfər hərbi qulluqçusu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 8 nəfər “Vətən uğrunda”, 8 nəfər “İgidliyə görə”, 12 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Bundan başqa, Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və musiqi təhsilinin inkişafında xidmətlərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin bir müəlliminə “Əməkdar müəllim” fəxri adı verilib.