YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehdi Səlimzadə: Ötən dövr ərzində bələdiyyələr ölkəmizin sosial iqtisadi inkişaf prosesində yaxından iştirak edib

«Yerli özünüidarə sisteminin yaradılması Azərbaycanda həyata keçirilən demokratik, siyasi və digər islahatlara paralel olaraq başlanılıb. Bu, demokratik cəmiyyətin, vətəndaş cəmiyyətini formalaşdıran bir mexanizm kimi yerli demokratiyanın cəmiyyətimizdə inkişafına təkan verib». Bu fikirləri Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə deyib.

M.Səlimzadə bildirib ki, hər bir ölkənin dayanıqlı inkişafına nail olmaq üçün cəmiyyətin, iqtisadiyyatın sistemli şəkildə dəyişdirilməsinin mürəkkəb məsələləri yalnız hakimiyyətin bütün səviyyələrində səmərəli idarəetmə sistemi təşkil olunduqda mümkün ola bilir. Onun sözlərinə görə, bu mənada dövlətimizin siyasətinin əsas məqsədi olan səmərəli yerli özünüidarəetmə sisteminin formalaşdırılması məhz beynəlxalq təcrübələrə uyğun gəlir.

«Ötən dövr ərzində bələdiyyələr ölkəmizin sosial iqtisadi inkişaf prosesində yaxından iştirak edib, quruculuq, abadlıq, kommunikasiya və infrastrukturun müxtəlif istiqamətlərində işlər görüblər. Ən əsası isə idarəçilik sahəsində müəyyən təcrübə əldə olunub, kifayət qədər hüquqi baza yaradılıb və ən vacib məsələlərdən biri olan yerli özünüidarələrin ərazi və təşkilatı əsasları yaradılıb. Həmçinin, dövlət, hakimiyyət orqanları ilə bələdiyyələr arasında qarşılıqlı fəaliyyət və eyni zamanda, bələdiyyələrin vətəndaşlarla qarşılıqlı münasibətləri sahəsində xeyli təcrübə əldə olunub. Bunlara istinadən bir daha qeyd etmək olar ki, bələdiyyə idarəçiliyi sahəsində kifayət qədər irəliləyişlər baş verib, müəyyən uğurlar əldə edilib. Bunun nəticəsində cəmiyyətimizdə bələdiyyələrin müəyyən dərəcədə nüfuzu artıb, əhali tərəfindən bələdiyyə idarəçiliyinə maraq yaranıb»- deyə, M.Səlimzadə qeyd edib.