YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan XİN ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını şərh edib

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qarşıdakı görüşə dair bəyanatını şərh edib.

Şərhdə ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan Respublikası Prezidenti ilə Ermənistanın baş naziri arasında görüşünə dair təkliflərinin olduğu bildirilir.

Leyla Abdullayeva deyib: “Qeyd etmək istərdik ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir və substantiv danışıqlara hər zaman hazırdır. Azərbaycan tərəfi münaqişənin nəticəyə yönəlik və intensiv danışıqlar yolu ilə həlli istiqamətində həmsədrlərin səylərini dəstəkləyir. Məlum olduğu kimi, indiyədək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüş baş tutub.

Minsk qrupunun həmsədrlərinin bu bəyanatı Ermənistana verilən bir siqnaldır, biz bunu alqışlayırıq. Prezident İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin mövqeyini onların diqqətinə çatdırmışdı. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir.

Həmsədrlərin bəyanatında, həmçinin münaqişənin həlli ilə əlaqədar atılmalı olan addımlar da qeyd edilir. Burada ilkin addımlardan biri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı ərazilərin işğaldan azad edilməsi və bu ərazilərdən zorla qovulmuş məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulur.

Dağlıq Qarabağın statusuna gəldikdə isə bu, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirmədən müzakirə mövzusu ola bilər. Azərbaycan bu xüsusda mövqeyini dəfələrlə açıqlayaraq bildirib ki, Dağlıq Qarabağın statusunu bu bölgənin hər iki icması – azərbaycanlı və erməni icması ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyən etməlidir. Məlum olduğu kimi, xalqların öz müqəddəratını təyinetmə prinsipi dövlətlərin ərazi bütövlüyü prinsipini pozmamalıdır. Həmsədrlərin bəyanatında da Helsinki Yekun Aktı əsas tutulur. Bu sənəddə qeyd olunur ki, “xalqların öz müqəddəratını təyin etməsinə hər zaman BMT Nizamnaməsinin prinsip və məqsədləri, beynəlxalq hüququn müvafiq normaları, o cümlədən dövlətlərin ərazi bütövlüyünə uyğun olaraq hörmət edilir”.

Münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində maraqlı tərəflərə gəldikdə isə bu tərəflər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarıdır və bu icmalar bərabərhüquqludurlar”.