YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın nümayəndə heyəti Ermənistanın təcavüzkar siyasəti barədə məlumatlandırılıb

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar uzun illərdir davam edir. Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı mütəmadi olaraq konstruktiv mövqe nümayiş etdirib. Əfsuslar olsun ki, erməni tərəfi buna həmişə mənfi cavab verib.

Bu fikirlər “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev ilə ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə səsləndirilib.

T.Gəncəliyev qonaqlara münaqişənin səbəbləri və nəticələri barədə ətraflı məlumat verib. Bildirilib ki, münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyondan çox qaçqın və məcburi köçkün, o cümlədən Dağlıq Qarabağda yaşayan 80 mindən artıq azərbaycanlı öz doğma yurdlarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Azərbaycan ərazilərindən işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını və bu torpaqlardan zorla qovulmuş insanların öz evlərinə geri qayıtmasını tələb edir. Təəssüf ki, erməni tərəfi bu qətnamələrin tələblərini hələ də yerinə yetirmir.

Tural Gəncəliyev, həmçinin qeyd edib ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni icması ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh şəraitində konstruktiv dialoqun aparılmasına və təmasların bərpa edilməsinə hazırdır. Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həllinə çalışır. Lakin Ermənistan hakimiyyəti hər vəchlə danışıqların gedişinə və bununla da münaqişənin həllinə mane olur.

Mark Şnayer rəhbərlik etdiyi fondun Azərbaycanın münaqişənin həlli məsələsində əsas götürdüyü sülh çağırışlarının bütün dünyaya çatdırılmasına səy göstərəcəyini deyib.