YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nurlana Əliyeva: Bu gün Azərbaycan qadınları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti qətiyyətlə dəstəkləyirlər

“Azərbaycan dünyada nümunəvi və mütərəqqi inkişaf modeli ilə fərqlənir”. Bu fikri yap.org.az saytına müsahibəsində YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva deyib. Onun sözlərinə görə, bu inkişafı təmin edən isə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. “Bunun nəticəsidir ki, cəmiyyət həyatının bütün sahələrində tərəqqi və yüksək vətəndaş fəallığı müşahidə edilir. Bu baxımdan, Azərbaycan qadınları da müxtəlif sahələrdə - elm, təhsil, mədəniyyət, incəsənət və digər sahələrdə uğurla fəaliyyət göstərirlər, dövlət idarəçiliyində, qanunvericlik orqanında müvəffəqiyyətlə təmsil olunurlar. Yəni Azərbaycan qadınları bu gün dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak edərək Vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, milli dəyərlərimizin və mədəniyyətimizin təbliğinə, inkişafına layiqli töhfələrini verirlər”,-deyə N. Əliyeva qeyd edib.

YAP Qadınlar Şurasının sədri vurğulayıb ki, Azərbaycan qadını Vətənin bugünkü yüksəlişinin müdhiş sınaqlardan keçərək bu əmin-aman günlərimizə necə yetişdiyini heç bir zaman unutmayacaq: “Bu bütövlüyü qorumaq üçün özünü səfərbər edərək əməyi, zəhməti, ağlı, elmi, bacarığı, sədaqəti ilə bu yüksəlişə dayaq olacaq. Xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycan qadınının bugünkü fəallığının, cəmiyyət həyatının müxtəlif sahələrdə uğurla və ləyaqətlə təmsil olunmasının təmin olunmasında Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq siyasətinin təsiri misilsizdir”.

“Azərbaycanda qadın hərəkatının genişlənməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra başlayıb. Bu hərəkat Ulu Öndərin rəhbərlik etdiyi dövlətdə qadınlarımıza yüksək etimadın göstərilməsi, onların daim irəliyə çəkilməsi ilə səciyyələnir. Əminliklə söyləmək olar ki, Azərbaycanın dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevə qədər Azərbaycan qadınını fikrən və ruhən pərvazlandıran, onu böyük cahanşümul işlərə ruhlandıran, onun cəmiyyətdə layiq olduğu yeri təmin edən ikinci bir dövlət rəhbəri olmayıb. Bu, tarixi gerçəklikdir və Azərbaycan qadınına olan yüksək hörmət, diqqət, qayğı və ehtiramın əyani ifadəsidir”,-deyə N. Əliyeva əlavə edib.

YAP Qadınlar Şurasının sədri diqqətə çatdırıb ki, bu siyasət Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, cəmiyyətin digər təbəqələrindən olan insanlar kimi, qadınlarımız da yüksək diqqət və qayğı ilə əhatə olunurlar: “Bu gün Azərbaycan qadınları dövlətin onlara göstərdiyi yüksək diqqətdən razıdırlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti qətiyyətlə dəstəkləyirlər. Çünki onlar görürlər ki, bu siyasət inkişafa, firavanlığa xidmət edir, Azərbaycanın qüdrətinin daha da artmasını, ölkəmizin əzəmətli və möhtəşəm nailiyyətlər qazanmasını təmin edir. Azərbaycan qadınları həm də ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasətinin əhəmiyyətini və nəticələrini bilirlər, onlar anlayırlar ki, bu siyasət övladlarının xoşbəxtliyinə, səadətinə xidmət edir”.