YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in fəaliyyətdə olan sədri: Azərbaycan ATƏT-in vacib üzv dövlətlərindən biridir

Martın 5-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak ilə görüşüb.

Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

Xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səmərəli müzakirələr aparılıb. Ermənistanın milli təhlükəsizlik xidmətinin sədri Artur Vanetsyanın bəyanatlarına münasibət bildirən nazir Elmar Məmmədyarov Ermənistan rəhbərliyinin son vaxtlar belə bəyanatlar səsləndirdiklərini və bunun danışıqlar prosesinə mənfi təsir etdiyini vurğulayaraq deyib: “Azərbaycan münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə həlli üçün böyük səylər göstərir. Ermənistan tərəfindən verilən bəyanatlar isə heç də sülh vəd etmir”.

Münaqişə başlayandan bəri erməni xalqının ancaq əziyyətlərə, məhrumiyyətlərə düçar olduğunu, demoqrafik, siyasi və iqtisadi problemlərlə üzləşdiyini bildirən nazir problemin həllinin vacibliyini vurğulayıb. O deyib: “Həmsədrlər də, Azərbaycan da eyni mövqedən çıxış edib status-kvonun saxlanılmasının yolverilməz olduğunu bildirirlər. Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır və bu sahədə fəaliyyətini davam etdirir”.

Nazir bu yaxınlarda bölgədə sabitliyin və dayanıqlı inkişafın dəstəklənməsi istiqamətində Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan arasında iqtisadi əməkdaşlığı daha da möhkəmləndirmək və genişləndirmək məqsədilə Buxarestdə xarici işlər nazirlərinin iştirakı ilə xüsusi görüşün təşkil edildiyini və orada geniş müzakirələr aparıldığını da bildirib.

Mətbuat konfransında Miroslav Layçak ATƏT-in sədri kimi Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayıb. Slovakiya ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində işlərin görüldüyünü bildirən nazir bu yaxınlarda Bakıda səfirlik açmağa qərar verdiklərini vurğulayıb. M.Layçak ATƏT-dəki sədrliyi dövründə prioritetlərdən birinin məhz münaqişələrin həlli olduğunu bildirib. ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə davamlı dəstəyini vurğulayan M.Layçak təşkilatın bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirmək əzmində olduğunu deyib. Qeyd edib ki, indiyə qədər prezidentlər və nazirlər səviyyəsində çoxlu müzakirələr aparılıb. Bu iş davam etdirilməlidir.

M.Layçak ATƏT-in Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini bildirərək deyib: “Azərbaycan ATƏT-in vacib üzv dövlətlərindən biridir. ATƏT-in Azərbaycanla əməkdaşlığının daha da möhkəmləndirilməsi üçün müxtəlif məsələləri müzakirə etdik”.