YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Dövlət öz vətəndaşlarının yüksək rifahının təminatçısıdır

“Bu gün müstəqil Azərbaycan özünün intibah dövrünü, xoşbəxt günlərini yaşayır. Ölkənin bütün regionlarında geniş abadlıq-quruculuq işləri aparılır, yollar çəkilir, körpülər salınır, beynəlxalq layihələr icra edilir, ən əsası əhalininin güzəranı günü-gündən yaxşılaşır. Qazanılan qələbələr, uğurlar, iqtisadi tərəqqi deməyə əsas verir ki, Azərbaycanı inkişaf etmiş bir ölkə kimi görmək istəyən Ulu öndər Heydər Əliyevin arzuları bu gün həyata keçib. Ölkə Prezidenti İlham Əliyevin gərgin əməyi nəticəsində sosial sahədə çoxlu qanunlar qəbul olunub, Fərman və sərəncamlara imza atılıb, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.Bu da cəmiyyətin bütün təbəqəsinin sosial vəziyyətinin, maddi-rifah halının, güzəranının yaxşılaşmasına səbəb olub”. Bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, Prezident İlham Əliyevin 2019-cu ilin yanvar, fevral aylarında imzaladığı fərman və sərəncamlara nəzər salsaq,Azərbaycanda sosial siyasətin mərkəzində insan amilinin dayandığının bir daha təsdiqinin şahidi olarıq. Ölkə Başçısı İlham Əliyev prezident kimi fəaliyyətə başladığı ilk gündən “iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır” fikri 15 il ərzində imzalanan fərman və sərəncamlarda, həyata keçirilən proqram və layihələrdə öz təsdiqini tapıb.

Fevralın 25-də Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə dövlət Başçısı əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi qərarların qəbul olunacağı anonsunu verdi. Bundan sonra isə, ölkə Başçısının müvafiq fərman və sərəncamları ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, minimum əməkhaqqının, əmək pensiyalarının, bir sıra sosial müavinətlərin artırılmasının şahidi olduq. Bu tədbirlərin davamı olaraq, xarici valyutada kredit götürən vətəndaşlarımızı, onların ailə üzvlərini ciddi narahat edən problemli kreditlərlə bağlı dövlət Başçısının fevralın 28-də imzaladığı Fərman 2015-ci ildən bəri ən çox gözlənilən qərarlardan biri oldu. “İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanmalıdır” fikri bugün tam təsdiqini tapdı. Belə ki, əlavə gəlirlər ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldilərək, 2019-cu ili sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqləndirdi.

Əslində 2019-cu ilin uğurlu iqtisadi tərəqqisi, bütün sahələrin uğurlu inkişafına geniş yol açan davamlılıq son 15 ildə aparılan məqsədyönlü siyasətin məntiqi davamı kimi dəyərləndirilməlidir. Bu illər ərzində ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına gerçəkləşən mühüm sosial-iqtisadi layihələr, atılan addımlar,regional inkişaf proqramları, işsizlik və yoxsulluq səviyyəsinin 5 faizə enməsi, özünüməşğulluq proqramının icrası, sahibkarlığın inkişafı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təkan verdi, Azərbaycanı yüksək gəlirli dövlətlər sırasına çıxardı.

“Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, minimum əməkhaqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması, ardınca bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi, problemli kreditlərin həlli ilə bağlı qərar vətəndaşlara ünvanlanan növbəti böyük sevindirici addım oldu. Son illərdə dünyanı bürüyən maliyyə və iqtisadi böhranla əlaqədar olaraq enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycan iqtisadiyyatından da yan keçmədi. Əhalinin müəyyən hissəsinin ödəmə qabiliyyəti zəiflədi, xarici valyutada kredit almış vətəndaşların banklar qarşısında öhdəlikləri artdı. Ölkədə manatın devalvasiyasından sonra müzakirə olunan əsas məsələlərdən biri məhz əhalinin xarici valyutada kreditləri ilə bağlı oldu. İctimai müzakirələr keçirildi, dövlət başçısının tapşırığına uyğun olaraq hökumət bu istiqamətdə fəal iş apararaq təkliflərini səsləndirdi. Fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədiləilə ölkə başçısının imzaladığı məlum Fərman vətəndaşların maddi rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq məqsədi daşıdı. Dövlət problemin həlli ilə bağlı məsuliyyəti və maliyyə vəsaitinin böyük hissəsini öz üzərinə götürdü, vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi. Azərbaycanda həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır və dövlət öz vətəndaşlarının yüksək rifahının təminatçısıdır”-deyə, deputat vurğulayıb.