YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Strateji hədəflərə çatmaq üçün gedilən yol tamamilə düzgün və uğurlu yoldur

“İslahatların başlıca hədəfi Azərbaycanın güclü, dayanıqlı iqtisadiyyatını qurmaqdan, ixracı artırmaqdan, idxalı əvəz edən yeni sahələrin yaradılmasından, daimi yeni iş yerlərinin açılmasından, bütünlükdə iqtisadiyyatı inkişaf etdirməkdən ibarətdir. Bunun nəticəsində Azərbaycan dövlətinin daha da güclənməsi, insan kapitalının inkişafı, əhalinin sosial-rifah halının bir qədər də yaxşılaşdırılması prioritetdir”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, bu məqsədlər naminə həyata keçirilən sosial-iqtisadi və struktur islahatlar həm dövlət, həm də özəl strukturları əhatə edərək, onları qarşıya qoyulan hədəflərə çatmaq üçün hazırlaşdırır. Yəni, həyata keçirilən hər bir islahat və dəyişiklik dərin təhlillər, strateji araşdırmalar nəticəsində meydana çıxır. Heç bir təsadüfi dəyişiklik yoxdur. Onun sözlərinə görə, zaman-zaman atılan hər bir addım əvvəlcədən planlaşdırılıb: “Bu baxımdan hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının iqtisadi islahatlara qısa zamanda çevik reaksiya verməsi, müşahidə olunan dinamik artım, iqtisadiyyatın getdikcə daha çox dayanıqlı olması, ixracın artması, yeni-yeni müəssisələrin açılması və iş yerlərinin yaradılması mövcud islahatların zərurətdən yarandığını, düzgün istiqamətdə getdiyini sübut edir. Qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün gedilən yol tamamilə düzgün və uğurlu yoldur”.

Millət vəkili qeyd edib ki, Azərbaycan iqtisadiyyatı böyüdükcə, dövlətimiz gücləndikcə vətəndaşların yaşayışı, sosial-rifah halı da artır. Bunun davamlı olması üçün gələcəkdə də lazımi addımlar atılacaqdır: “Cənab Prezidentin imzaladığı fərman və sərəncamlarla minimum yaşayış həddinin, maaş və pensiyaların minimum həddinin artırılması ölkə vətəndaşlarının maaş və pensiyalarının, gəlirlərinin artması ilə müşahidə olunur. Ölkədə minimum hədlər artdıqca, bu, ümumilikdə iqtisadiyyatın artmasına, canlanmasına gətirib çıxarır. Bu prosesdə ölkə vətəndaşlarının sosial-rifah halının yaxşılaşmasına da təsir edir. Bütün bunlar isə Azərbaycan dövlətinin əsas vəzifələrindən biridir”.