YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Atılan addımlar əhalinin sosial rifah halının daha da güclənməsinə gətirib çıxaracaq

“2019-cu ilin ilk iki ayında sosial sahədə atılan addımlar heç də təsadüfi deyil. Bu addımlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Son imzalanan sərəncamlar da bir və ya iki ayın işi deyil, onların üzərində aylardır ki, iş gedib”. Bu fikirləri  Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev  bildirib ki, sərəncamlar imzalanmamışdan öncə onların maliyyə tutumluluğu, əhatə edəcək əhalinin sayı, inflasiyaya dayanıqlığı hesablanıb. Onun sözlərinə görə, bütün bunlar sadə məsələlər deyil, uzun illər görülən, hesablanan işləri məntiqi nəticəsidir. Prezident İlham Əliyev son iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə də söylədi ki, 2019-cu il əhalinin sosial müdafiəsi sahəsində xüsusi bir il olacaq. Yəni 2017-ci il iqtisadiyyatımızın sabitləşməsi, 2018-ci il iqtisadi inkişaf, 2019-cu il isə sosial inkişaf və rifah ili kimi xalqımızın tarixinə düşəcək.

Millət vəkili qeyd edib  ki, cənab Prezidentin  əhalinin sosial müdafiəsi istiqamətində atdığı addımlar, dövlət başçısı, millətin lideri kimi xalqın qayğısına qalmasının əyani nümunəsi və ifadəsidir.

 “Ötən günə qədər ölkə başçısı tərəfindən imzalanan sərəncamlar təxminən 2 milyon 2 min nəfəri əhatə edirdisə, Azərbaycan Prezidentinin 26 fevral tarixində məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması ilə bağlı Sərəncamı ilə artıq bu rəqəm 3 milyona yaxınlaşır. Bununla da dövlət büdcəsinin üçdə birindən çoxu sosial xərclərə yönəlmiş olur ki, bu da büdcəmizin sosialyönümlü olduğunun əlamətidir. Ölkə başçısının da söylədiyi kimi bu sərəncamlar davamlı olacaq. Minimum, orta aylıq əmək haqları, pensiyalar artacaq, yeni iş yerləri açılacaq, bütün bunlar əhalinin sosial rifah halının güclənməsinə, ölkəmizi sosial rifah dövlətinə gətirib çıxaracaq”-deyə, M.Quliyev vurğulayıb.