YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: İnanırıq ki, Xocalı qətliamını törədənlər gec-tez layiqli cəzalarını alacaqlar

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək, bir gecənin içində onu yerlə-yeksan edib, dinc əhaliyə amansızlıqla divan tutublar. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin iç üzünü açıb göstərir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

Azərbaycan tarixinin ən hüznlü səhifələrindən biri olan Xocalı soyqırımının bütün insanlığa qarşı törədilmiş cinayət aktı olduğunu qeyd edən millət vəkili XXI əsrin astanasında etnik zəmində törədilmiş bu dəhşətli qətliam haqqında beynəlxalq hüquq müdafiəçilərinin hələ də susmasının təəssüf doğurduğunu bildirib.

Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hər il keçirilən silsilə tədbirlərin əhəmiyyəti qeyd edən D.Cəbrayılova söyləyib ki, məhz bu tədbirlər nəticəsində Xocalı soyqırımı hazırda dünyanın 13 ölkəsində parlament səviyyəsində, ABŞ-ın 22 ştatında parlament səviyyəsində və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən rəsmən tanınıb. Dünyanın digər dövlətləri, beynəlxalq təşkilatlar da xocalı soyqırımına hüquqi-siyasi qiymət verməlidirlər. Bütövlükdə, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham olunmalıdır.

“Biz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı düşmən tapdağından azad etməyə hər zaman hazır olmalıyıq. Aprel döyüşləri göstərdi ki, Azərbaycanın elə güclü və qüdrətli ordusu var ki, biz çox qısa vaxtda torpaqlarımızı işğaldan azad edə bilərik. Sadəcə, dövlətimiz qan tökülməsini istəmir, sülh tərəfdarıyıq. Amma bu gün dünyada beynəlxalq hüquq işləmir, BMT-nin qəbul etdiyi qərarlar işləmir. Əgər sülh danışıqları nəticə verməsə, Azərbaycan Ordusu öz sözünü deyəcək. İnanırıq ki, Xocalı qətliamını törədənlər gec-tez törətdikləri bu cinayətə görə layiqli cəzalarını alacaqlar. Biz tariximizi unutmamalıyıq, ona sahib çıxmalıyıq. Faciələrin təkrarlanmaması üçün gənclərimiz güclü, hazır, sağlam ruhlu və vətənpərvər olmalıdır. Biz Vətənimizi, torpağımızı, milli dəyərlərimizi müqəddəs hesab etməliyik, bu dəyərlərimizə qəlbən bağlı olmalıyıq”-deyə, D.Cəbrayılova qeyd edib.