YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Xocalı faciəsini törədənlər ədalət mühakiməsində cavab verəcəklər

“Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı ermənilər tərəfindən soyqırımına məruz qalıb. 1992-ci o müdhiş fevral gecəsində Ermənistan Silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı törətdikləri dəhşətli soyqırımı aktı insanlığa qarşı vəhşiliyinə, qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşüb. Xocalı qətliamı Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi oldu. Xocalı soyqırımı tarixə erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izi kimi yazıldı. Əslində ermənilər Xocalı faciəsinə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görmüşdülər. Onlar Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, Xocalı faciəsi bəşər tarixində iki misli görünməyən Xatın və Sonqmi faciələrini öz müdhişliyi, dəhşəti və insanlığa sığmayan hadisələri ilə geridə qoydu. Xocalı faciəsi dünyada analoqu olmayan soyqırım aktı kimi tarixə düşdü. Onun sözlərinə görə, tarixi həqiqətləri dünyaya çatdırmaq isə Ümummilli lider Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində həyata keçdi. Ulu öndər Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 28 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları ilə uzun illər gizli saxlanılan bu ümumxalq faciəsi öz hüquqi-siyasi qiymətini aldı, tarixi yaddaşımız bərpa olundu. Ulu öndər Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edib, hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulayıb. Bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış ümummilli liderimiz, eyni zamanda, xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirib.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması istiqamətində məhz Ulu öndər Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də atəşkəs haqqında razılıq əldə edildi və bundan sonra ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı. Daha sonra 1994-cü ildə Budapeştdə keçirilən Zirvə toplantısında Azərbaycanın milli mənafeyini nəzərə alan qərar, eləcə də 1996-cı ildə Lissabon Zirvə toplantısında münaqişənin nizamlanmasının beynəlxalq hüquqi bazasını təşkil etmiş olan sənəd Ümummilli liderin siyasi iradəsi sayəsində qəbul olundu. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla və layiqincə yerinə yetirən ölkə Prezidenti İlham Əliyevin uğurlu diplomatiyası sayəsində artıq dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın idarə olunan siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayanır. Dövlət başçısı İlham Əliyev dəfələrlə qeyd edib ki, bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız vəziyyəti artıq dəyişmişdir: "Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəkdir. O gün gələcəkdir". Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi minnətdarlıq hissi ilə qeyd etmək lazımdır. Məhz fondun gərgin fəaliyyəti nəticəsində Xocalı soyqırımı, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas səbəbləri və nəticələri, erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionundan və ona bitişik yeddi rayondan qeyd-şərtsiz çıxarılmasının zəruri olması barədə dünya içtimaiyyəti məlumatlandırıldı. Aparılan uğurlu kampaniya nəticəsində bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pislədilər. İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 27 il keçir. Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır. Xocalı soyqırımının tanınması ilə bağlı əldə olunan təqdirəlayiq nəticələr onu deməyə əsas verir ki, bu faciəni törədənlər tezliklə ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar”-deyə, deputat qeyd edib.