YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatının yaradılmasının 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib

Fevralın 20-də  Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yaradılmasının 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbir iştirakçıları öncə partiyanın qurucusu, Ümummilli lider Heydər Əliyevin rayon təşkilatının inzibati binasındakı büstü önünə gül dəstələri düzüblər. 
Tədbirdə çıxış edən  YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov əlamətdar hadisə münasibətilə iştirakçıları təbrik edib, partiyanın keçdiyi şərəfli yol haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, qazandığı böyük nailiyyətlər Ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın fəaliyyəti ilə bilavasitə bağlıdır. Tarixi zərurətdən yaranan YAP müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm rol oynayıb. T.Əhmədov bildiirb ki, artıq 26 ildir ki, partiyanın rayon təşkilatı bu şanlı, şərəfli yolda addımlayır: “Bu gün partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə biz yeni-yeni uğurlara imza atır, Heydər Əliyev ideyalarına əsaslanaraq növbəti qələbələrə doğru addımlayırıq. Artıq 16 ildir ki, cənab Prezident İlham Əliyev ölkəmizə rəhbərlik edir, xalqımız dövlət başçısının ətrafında mütəşəkkilliklə birləşib”.

Bu gün dövlətçilik əleyhinə fəaliyyət göstərənlərin cəhdlərinin uğursuzluqla nəticələnəcəyini deyən Tağı Əhmədov, Azərbaycan xalqının belə ünsürlərə heç vaxt inanmadığını, onların xəyanətkar fəaliyyətlərini qəti şəkildə pislədiyini qeyd edib.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq bütün ölkə ərazisində həyata keçirilən geniş miqyaslı abadlıq və quruculuq işlərindən söz açaraq, Yasamal rayonunun da bu istiqamətdə inkişaf yolu ilə irəlilədiyini bildirib. “Bu gün, partiyamızın Sədri, cənab Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bütün sahələrdə gördükləri işlər hər birimizdə fərəh və qürur hissləri oyadır”, deyə Ə.Əzizov vurğulayıb.

Çıxış edən “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə  ümumxalq partiyasına  çevrilən YAP-ın tarixindən bəhs edərək vurğulayıb ki, bu gün partiyamızın sıralarında 700 mindən artıq insan cəmləşib. Vüqar Rəhimzadə son vaxtlar aparılan islahatlara və sosial-iqtisadi uğurlara da toxunaraq bildirib ki, bu uğurlardan təlaş keçirənlər müxtəlif söyüş kampaniyalarına, sosial şəbəkələr vasitəsi ilə uğursuz vasitələrə əl atırlar: “Məhz bütün bunlara görə, hər birimiz dövlətimizi qorumalı, belə xəyanətkarların, yaramaz əməllər törədənlərin qarşılarına çıxaraq, qəti cavablarımızı verməliyik. Çünki bu dövlət bizim hər birimizindir, necə mübarizliklər nümayiş etdirmişiksə, bundan sonra da qarşımızda dayanan əsas vəzifələrimizdən biri də bu olmalıdır”.

“Səs” Media Qrupunun baş direktoru Bəhruz Quliyev də çıxışında partiyanın təsis olunduğu dövrdə ölkədəki gərginlikdən, səbatsız hakimiyyətin yaratdığı xaosdan danışaraq bildirib ki, ilk gündən ölkədəki sabitliyin, inkişafın istiqamətlərini irəli sürdüyü konsepsiya ilə müəyyənləşdirən Ulu öndər Heydər Əliyev bununla müstəqilliyimizin əbədiliyini təmin edib. “Ölkədə ictimai-siyasi proseslərin mürəkkəbləşdiyi bir zamanda tarixi zərurətdən yaranan, xalqa daha yaxın olan Yeni Azərbaycan Partiyası ölkədə demokratiyanı, müasir siyasi sistemi formalaşdırdı”, deyən Bəhruz Quliyev bildirib ki, bu gün sosial şəbəkələrdə Azərbaycan dövlətinin və xalqının əleyhinə mənəvi terror tətbiq edilir, söyüş kampaniyaları aparılır: “Xalqımıza qarşı belə çirkin kampaniyaları təşkil edən texnoloqlar yaxşı bilirlər ki, xalqımız söyüşlərə, təhqirlərə susan xalq deyil. Məhz bu vasitələrlə sabitliyi pozmağa çalışırlar. Ancaq həmin kampaniyalarda iştirak edənlər unutmamalı, birdəfəlik dərk etməlidirlər ki, onların cəhdləri istədikləri nəticəni verməyəcək. Çünki Azərbaycan xalqı inkişafın, sabitliyin, tərəqqinin ardınca gedir və bu yoldan bizləri heç bir qüvvə çəkindirə bilməz”.

YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin üzvü Atababa Manafov çıxış edərək ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirib. O qeyd edib ki, YAP gənclərin inkişafı üçün bütün imkanları yaradıb.

Tədbirdə bir qrup fəal partiya üzvləri diplom və fərmanlarla mükafatlandırıldılar.

Sonra tədbir bədii hissə ilə davam edib.