YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycanda uğurlu gənclər siyasəti bir çox istiqamətləri əhatə edərək gənclərin sağlam ruhda inkişafını təmin edir

“Gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsi, intellektual inkişafı hər bir dövlət və cəmiyyət üçün strateji əhəmiyyətli məsələdir. Heç də təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə gəldikdən dərhal sonra gənclərlə düzgün işin qurulması, bu istiqamətdə səmərəli dövlət siyasətinin həyata keçirilməsini prioritet elan etdi. Çox qısa zamanda ardıcıl tədbirlər həyata keçirilərək ciddi nəticələrə nail olundu. Ulu Öndər hələ Sovet İttifaqı dövründə ölkəmizə rəhbərlik etdiyi zaman gənclərlə işə çox mühüm əhəmiyyət verərək azərbaycanlı gəncləri ittifaq miqyasında ən yüksək səviyyəli ali təhsil müəssisələrinə göndərir, onların bilikli, savadlı kadr kimi yetişməsinə mühüm əhəmiyyət verirdi. Eyni zamanda, bacarıqlı gənclər idarəetmədə irəli çəkilirdi. Müstəqillik illərində isə bu ənənələr daha da genişləndirilərək uğurla davam etdirildi”. Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitsinin sədr müavini Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yüksək səviyyəli inkişafı gənclərimiz üçün də böyük perspektiv və imkanlar yaradır. Onun sözlərinə görə, Azərbaycan əhalisinin təxminən 35 faizini yaşı 30-a qədər olan gənclər təşkil edir. Bunun özü həm çox böyük bir göstərici, həm də ölkənin güclü inkişaf enerjisi olduğunu sübut edən məqamlardan biridir. Azərbaycan dövləti haqlı olaraq bu güclü potensialı səfərbər etmək, gənclərin imkanlarından bəhrələnmək, həm də gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi istiqamətində bütün mümkün addımları atmaqdadır. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial, iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Azərbaycan gənclərlə bağlı ayrıca qanun qəbul olunmuş və dövlət proqramı icra edilən azsaylı dövlətlərdən biridir. Həm qanunda, həm də proqramda gənclərin inkişaf etdirilməsi ilə bağlı konkret tədbirlər əksini tapmaqdadır. Dövlət gənclərin potensialını səfərbər etmək və onları təşviq etmək üçün Gənclər Fondu yaradıb. Bu Fond həm gənclərin fəal yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir, onların fəaliyyətini stimullaşdırır, həm də dövlətin gəncləri idarəçiliyə cəlb etmək niyyətini ortaya qoyur.

“Gənclərin sağlam ruhda böyüməsi və onların idmanla məşğul olmalarına şərait yaradılması üçün ölkənin hər bir regionunda ən müasir standartlara cavab verən idman və olimpiya kompleksləri tikilib. Gənclərin yüksək təhsil almaq imkanının təmin olunması məqsədilə müasir tipli məktəblər tikilərək istifadəyə verilib. Həmçinin gənclərin işlə təmin olunması məqsədilə son 15 ildə ölkədə 2 milyondan çox yeni iş yeri yaradılıb ki, bunun da 80 faizindən artığı gənclər tərəfindən tutulub və daimidir. Dövlət idarəçiliyində gənclərin rolunu artırmaq üçün son dövrlər bu sahədə bütün vakansiyalar məhz gənclər tərəfindən tutulur. Bütün bunlar isə bir daha göstərir ki, Azərbaycanda çox uğurlu gənclər siyasəti həyata keçirilir və bu siyasət bir çox istiqamətləri əhatə edərək gənclərin sağlam ruhda inkişafını təmin edir. Görülən işlərin məntiqi nəticəsidir ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”-deyə, S.Qafarova vurğulayıb.