Xəbərlər
Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının sərgisi açılacaq

Fevralın 17-də Heydər Əliyev Mərkəzində “Zamanında. Rusiya regional muzeylərinin 1900-1930-cu illərə aid rus avanqardı kolleksiyaları. Üçüncü hissə” adlı sərgi açılacaq.
Mərkəzdən verilən məlumata görə, ekspozisiyada Rusiyanın 17 şəhərindəki regional muzeylərdən toplanmış unikal avanqard kolleksiyası nümayiş olunacaq. Ekspozisiyada tanınmış avanqard klassikləri Kazimir Maleviç, Vasili Kandinski, Aleksandr Rodçenko, Vladimir Tatlin, Aleksandr Ekster, Mark Şaqal ilə yanaşı, Viktor Bart, Aleksey Qrişenko, Aleksey Morqunov, Sergey Romanoviç, Pavel Mansurov və digərləri kimi avanqard incəsənət tarixinə mühüm töhfələr vermiş sənətkarların yaradıcılığından nümunələr təqdim ediləcək.
Sərgidə ümumilikdə 60 əsər nümayiş olunacaq.
İncəsənət tarixçisi, rus avanqardı barədə silsilə monoqrafiya və nəşrlərin müəllifi Andrey Sarabyanovun kuratoru olduğu sərgi Rusiyanın Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi, Moskva Müasir İncəsənət Muzeyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. Ekspozisiya Heydər Əliyev Mərkəzində mayın 5-dək açıq olacaq.