YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan gəncliyinə güvənir

 

Siyavuş Novruzov

Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, 
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini

 

 

Heydər Əliyevin dövlət gənclər siyasəti: möhkəm təməl və uğurlu inkişaf perspektivləri

Bu gün IV sənaye inqilabı yaşandığı iddia edilən bəşər sivilizasiyası  öz inkişafının müasir mərhələsinə çatmaq üçün çox böyük və keşməkeşli tarixi epostasiyaları geridə qoymuşdur. Bunun nəticəsidir ki, texnika, iqtisadiyyat, incəsənət, habelə texniki və humanitar elmlər, kommunikativ texnologiyaların inkişafı özünün ən yüksək səviyyəsinə çatıb. Əlbəttə, inkişafın bu mərhələsində sosiumun mühüm göstəricisi olan gənclərin sürətlə inkişaf edən ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakı nəzərə çarpır və burada təbii ki, dövlətin də gənclər üzərində diqqət və qayğısı böyük rol oynayır. Gənclər nəinki bu prosesin iştirakçısı qismində, hətta həyata keçirilən fəaliyyətlərin aparıcı qüvvələri kimi çıxış edir. Bu gün gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Belə ki, hazırda istənilən sahədə gənclərin fəallığına rast gəlmək olar. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verməkdədir.

Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub.  Bu gün böyük inam hissi ilə qeyd edirik ki, ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilərək, cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

XX əsrin sonunda öz dövlət müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasında gənclərlə iş sahəsində yaranmış boşluq məhz 1993-cü ilin iyununda cənab Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra aradan qaldırılıb. Çünki, Sovet imperiyasının dağılması nəticəsində 1991-1993-cü illərdə yaranan dərin ideoloji boşluq gənclər arasında hökm sürən  ümumi pessimizm, sosial təminatın olmaması və öz potensiallarının reallaşdıra bilməmələri səbəbindən kriminal qruplara meyllilik, habelə, siyasi fitnəkarların əllərində alətə çevrilmək təhlükəsi ilə şərtlənirdi. 

Hələ 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis olunduğ zaman Ulu Öndər təşkilatın çox güclü gənclər birliyinə ehtiyac duyduğunu xüsusi vurğulamışdı. Onun bu niyyəti 1994-cü ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin Təşkilat Komitəsinin qurulması və nəhayət, 1995-ci ildə onun təsis olunması ilə nəticələndi. Təsadüfü deyil ki, 1993-cü ilin iyununda Milli Məclisin sədri seçildiyi zaman Ümummilli Lider Heydər Əliyevin görüşdüyü ilk sosial təbəqə məhz gənclər oldu.

Vətəndaş cəmiyyətinin təşəkkül tapması, islahatlar proqramının gerçəkləşməsi dövründə gənclik enerjisi, gənclik coşğusuna çox böyük ehtiyac duyulduğundan dövlət başçısı Heydər Əliyev cənabları 1993-cü ildə başlayaraq gənclər siyasətinin ayrı-ayrı istiqamətlərində bir sıra fərman və sərəncamlar imzalayıb, qərarlar qəbul edib, eləcə də dövlət proqramları təsdiqləyib. Bunlara əyani sübut olaraq 1994-ci ilin iyulun 26-da cənab Heydər Əliyevin fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. Bu dövrdən başlayaraq dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində bir sıra effektiv işlər görüldü. Həmçinin mərkəzi və yerli hakimiyyət orqanları bələdiyyələr öz vəzifə və səlahiyyətləri daxilində bu siyasətin həyata keçirilməsində iştirak edirlər. Gənclər siyasəti gənclərin hərtərəfli inkişafının cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədilə dövlət  tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Bu siyasət çox geniş bir spektr-gənclərin təhsili, tərbiyyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili, problemlərinin həlli hüquqlarının müdafiəsi respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir.

Dövlət gənclər siyasəti dövlətin daxili siyasətinin mühüm bir tərkib hissəsini təşkil edir. O cəmiyyətin proqressiv inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Dövlət gənclər siyasəti gənc vətəndaşların öz həyat yollarını seçməsi sosial təşəkkül tapması üçün zəruri şəraitin yaradılması yönəldilmiş hüquqi təşkilatçılıq idarəçilik, maliyyə iqtisadi elmi informasiya və kadr xarakterli tam tədbirlər sistemindən ibarətdir. Hal hazırda Azərbaycan Respublikasında Dövlət gənclər siyasəti və onun müəssisələrinin idarə edilməsi strukturu formalaşıb ki, həmin müəssisələrdə müxtəlif ixtisaslara malik minlərlə mütəxəssis çalışır.

Nəhayət, həyata neçirilən siyasətin məntiqi yekunu kimi 1996-cı ilin fevralın 2-də müstəqil Azərbaycan gənclərinin I forumu keçirildi. Forumda respublikanın bütün rayon və şəhərlərinin gənclərin müxtəlif təbəqələrin təmsil edən 2 minədək nümayəndə, həmçinin  mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri milli məclisin üzvləri və ümummilli lider Heydər Əliyev iştirak ediblər. Forumda iştirak edən prezident dərin məzmunlu və proqram xarakterli nitq söyləyib, həmin nitqdə dövlət orqanlarının gənclər təşkilatlarının və hər bir gəncin qarşısında duran vəzifələr müəyyənləşdirildi, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində  təsirli  tədbirlərin görülməsi, bütün əlaqədar təşkilatların qarşısında əsas vəzifə kimi qoyuldu. Keçirilən gənclərin I forumu respublikanın hər yerində gənclərlə aparılan işin nəzərə çarpacaq dərəcədə canlanmasına təkan verdi.

Sonrakı mərhələdə bir sıra digər partiyaların gənclər birlikləri və gənclərin 30-dan artıq qeyri-hökumət təşkilatı YAP qərargahında toplanaraq 2 fevralın Gənclər Günü elan edilməsi ilə bağlı Ulu Öndərə müraciət qəbul etdi. Forumun əhəmiyyətini və gənclərin çoxsaylı müraciətlərini nəzərə alan Ümummilli lider Heydər Əliyev 1997-ci ildə imzaladığı sərəncamla forumun keçirildiyi günü 2 fevralı «Azərbaycan Gənclər günü» elan etdi. I  forumda qəbul edilmiş qətnaməyə uyğun olaraq gənclərin növbəti forumu 3 ildə sonra-1999-cu il martın 2-3-də keçirildi. Forumda plenar iclaslarla yanaşı 11 istiqamət bölmə iclaslarının təşkili, onun işində gənclərin daha fəal iştirak etməsinə birinci forumla müqayisədə daha çox nümayəndələrin çıxış etməsinə şərait yaradıldı. Keçirilən bu forum görülmüş işləri müsbət qiymətləndirdi və dövlət gənclər siyasətini  keyfiyyətcə yeni mərhələsinin başlanğıcını qoydu. Forumdakı nitqində dövlət başçısı respublika gənclərinə müraciət etdi. Müraciətdə «Siz Azərbaycanın bu günün və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XX I əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycan dövlətini yaşatmaq inkişaf etdirmək üçün hazır olun».

Ümumilli lider Heydər Əliyevin imzaladığı 29 iyul 1999-cu il tarixli «Dövlət Gənclər Siyasəti Haqqında» fərmanı gənclərə göstərilən diqqət və qayğını təzahürü kimi qiymətləndirilə bilər. Bu fərman respublikanın ictimai-siyasi həyatında gənclərin daha da fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətinin gənclik problemlərinin həllinə yönəldilməsi baxımından olduqca qiymətli sənəddir və bu günə Azərbaycan gənclər təşkilatlarının fəaliyyət proqramı kimi, ardıcıllıqla həyata keçirilir. Qeyd edək ki , 9 bölmədən ibarət olan həmin sənəd də gənclərlə işin bütün sahələrinə dövlət gənclər siyasətinin əsas istiqamətlərinə uyğun tədbirlər öz əksini tapmışdır. Tədbirlər planının icrası ilə bağlı ayrı-ayrı dövlət orqanları- Gənclər, İdman və Turizm, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Mədəniyyət, İqtisadi İnkişaf, Müdafiə, Daxili və Xarici İşlər Nazirlikləri əlaqədar dövlət komitələri tərəfindən görülən işlər hər ilin sonunda ümumiləşdirilərək Azərbaycan Respublika Prezidentinin icra aparatına təqdim edilir. Fərmana uyğun olaraq ötən dövr ərzində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi, Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzi yaradılıb, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, istedadlı gənclərin üzə çıxması, sosial müdafiyəyə ehtiyacı olan gənclərin problemlərinin həlli, bədən tərbiyəsi və idmanın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi həm respublika səviyyəsində, həm də yerlərdə bacarıqlı gənclərin məsul vəzifələrə irəli çəkilməsi sahəsində təsirli tədbirlər görülüb, Ümummilli lider Heydər Əliyevin gənclərlə əlaqədar yeritdiyi siyasətin məntiqi nəticəsi olaraq 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən gənclərlə bağlı bir çox dövlət proqramları  təsdiq edilib ki, bunlardan 1999-cu il fevralın 16-da «Gənc ailə» proqramını, 1999-cu ilin fevralın 17-də «Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinini yüksəldilməsi» proqramını, 2000-ci ilin avqustun 4-də «İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərin həllinə yönəlmiş, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən» dövlət proqramını, 2000-ci il avqustun 23-də «Ordudan tərxis olunmuş gənclərin məşğulluğu ilə bağlı» dövlət proqramını göstərmək olar.

Gənclərimizi vətənpərvərlik, hərbi vətənpərvərlik ruhunda tərbiyələndirmək lazımdır. Gələcəyimiz olan gənclər ölkəmizə, millətimizə, dövlətimizə sədaqətlə xidmət etməlidirlər. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi hərbi vətənpərvərlik işinin və bütün ideoloji işimizin ayrılmaz hissəsidir və bu işin səmərəliyi xeyli dərəcədə hər bir gəncin  milli ordu sıralarında xidmət etməyə hazır olması ilə müəyyən edilir» deyən ümummilli lider Heydər Əliyev Gənclər İdman və Turizm Nazirliyinin yeniyetmə  və gənclərlə vətənpərvəlik tərbiyəsi işinin aparılması istiqamətində bir sıra mühüm işlər həyata keçirilməsinə konkret göstərişlər verib. Bunun nəticəsidir ki,  Təhsil və Müdafiə Nazirliyi ilə birgə Gənclər, İdman  və Turizm Nazirliyi böyüməkdə olan gənc nəslin ordu sıralarında xidmətə hazırlanması məqsədi ilə orta məktəblərin şagirdləri arasında keçirilən «Şahin» hərbi-idman oyunlarının respublikada kütləviliyinə  nail olunmuşdur.

Bu gün Azərbaycan gəncliyi özünün yaradıcılıq və inkişaf baxımından ən proqressiv və məhsuldar çağlarını yaşayır. Gənclər dövlət tərəfindən layiqincə qiymətləndirilir, qayğı ilə əhatə olunur. Azərbaycan gənclərinin səsi dünyanın ən mötəbər tribunalarından, konfranslarından və elmi simpoizmlərindən gəlir. Gənclərin dövlət quruculuğu prosesində yaxından iştirakı onlara göstərilən  diqqət qayğının ən yaxşı nümunəsidir . Son illər ölkədə aparılan iqtisadi quruculuq işləri idmanın inkişafı məhz Azərbaycan gəncliyinin ölkəmizin ictimai-siyasi həyatındakı özünə məxsus yeri ilə sıx bağlıdır. Gənclərin mütəşəkkil şəkildə elmə və təhsilə cəlb edilməsi ölkəmizin gələcəyinin etibarlı əllərdə olduğunu deməyə əsas verir. 

Artıq müstəqil Azərbaycan Respublikası Milli dövlət quruculuq yolunda uğurlar qazanaraq böyük gələcəyə doğru inamla irələyir . Son illər Azərbaycanın yüksək dinamik inkişafı  əldə olunan uğurlu nəticələr  respublikamızın firavan və xoşbəzt gələcəyindən xəbər verir. Əsası Ümummilli Liderimiz Heydər Əliyevin tərəfindən qoyulmuş Azərbaycanın siyasi, iqtisadi, mədəni, qüdrətinin atması və demakratik, hüquqi güclü dövlətə çevrilməsi üçün yaranan möhkəm zəmin, əsas bünövrə bu gün onun ləyaqətli davamçısı, prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramını təsdiq edib. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, hərbi vətənpərvərlik hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilmişdir. Cənab Prezidentin gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Ölkə başçısının ardıcıl səyləri sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Respublikamızda beynəlxalq standartlara cavab verən idman komplekslərinin tikintisi bu gün geniş vüsət alıb. Bakıda Dünya və Avropa birinciliklərinin keçirilməsi ölkəmizin idman şöhrətindən, müxtəlif yarışlarda qazanılan çoxsaylı mükafatlar isə gənclərə qayğıdan, onlar üçün yaradılmış gözəl şəraitdən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci ilin "Gənclər ili" elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı ” nın təsdiq edilməsi, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu tam aydınlığı ilə ortaya qoydu. «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktblərində təhsil almağa göndərilməsi də gənclərin təhsilinin artırılmasına xidmət edən addımlardandır. Möhtərəm cənab prezidentin 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında bu amili xüsusi vurğulaması  heç də təsadüfü deyil: “Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir”. Bir məqamı da unutmayaq ki, xaricdə təhsil eyni zamanda Azərbaycanın təbliğatçısı olmaq deməkdir. Gənclərimiz həm təhsillərini davam etdirir, həm də ölkəmizlə bağlı həqiqətlərin təbliğində fəal iştirak edirlər. Onların təhsil aldıqları ali məktəblərdə keçirdikləri təbliğat xarakterli tədbirlər də bu məqsədə yönəlir.

Bundan başqa, iqtisadi inkişafla yanaşı, gənclərin sosial vəziyyətinə birbaşa təsir edən ciddi məqamlar da diqqət mərkəzində saxlanılır. Əsas istiqamət kimi məşğulluq məsələlərinin həlli, sosial mənzillərin tikintisi, ipoteka krediti şərtlərinin sadələşdirilməsi, regionlarda yeni gənclər mərkəzlərinin inşası hazırda qarşıda duran prioritet məsələlərdəndir. Görülən bu işlərin, aparılan uğurlu islahatlarının yaxın dövrdə mustəqil Azərbaycanın daha da inkişafına, Azərbaycan gəncliyinin cəmiyyətin inkişafında ən fəal sosial qrup kimi formalaşmasına təkan verəcəyi şübhəsizdir. Dövlət başçışı Azərbaycan gəncliyinə güvənir və bu etimadını belə ifadə edir: “Biz Azərbaycanın dövlət maraqlarının keşiyində nəyin bahasına olursa-olsun durmuşuq. Bu yolda təzyiqlər də, yalanlar da, böhtanlar da, iftiralar da olub. Bunların heç biri bizi öz yolumuzdan döndərə bilməyib. Ona görə ki, biz düzgün yoldayıq. Çünki bilirik ki, bizim siyasətimiz xalqın maraqlarına cavab verir. Əldə etdiyimiz nəticələr, nailiyyətlər, gözəlləşən şəhərlər bütün bədxahlara, bizə zərbə vurmaq istəyənlərə, paxıllıq edənlərə ən gözəl cavabdır. Amma bu proses daimi olmalıdır, davam etməlidir. Buna görə siz gənclər buna hazır olmalısınız, hər şeyi bilməlisiniz. Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”. 

Uğur olsun Azərbaycan gəncliyi!