YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Umud Şirinov: Bu, bir daha göstərdi ki, İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir

Bizə verdikləri yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. Dövlətimizin başçısının Sərəncamına əsasən “İgidliyə görə” medalı ilə təltif olunmağımız bizi hədsiz dərəcədə sevindirdi.

Bu fikirləri Ukraynada yaşayan soydaşımız Umud Şirinov söyləyib.

“Doğma Vətəndə çox böyük hörmət və diqqətlə qarşılandıq. Azərbaycan Prezidentinin bizə olan diqqətini isə xüsusi qeyd etmək istəyirəm. Bu, bir daha göstərdi ki, İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq bütün soydaşlarımız Azərbaycan dövlətinin, onun rəhbərinin qayğısını hiss edir. Dövlətimizin başçısının bizim Ukraynada həyatları təhlükəyə məruz qalmış insanları xilas etməyimizi qəhrəmanlıq adlandırmasından qürur duyduq”, - deyə U.Şirinov deyib.

Xatırladaq ki, yanvarın sonlarında axşam saatlarında Nikolayev şəhərinin Zayçevskoye kəndi yaxınlığında yük maşınından qopan qoşqu üç nəfərdən ibarət ailənin içərisində olduğu minik avtomobilinə çırpılıb. Qəza nəticəsində minik avtomobili alışıb. Hadisə zamanı yoldan keçən Umud və Sabir Şirinov qardaşları 40 metr aralıda aşmış avtomobili görüblər və onun içindən uşaq çığırtısını eşidiblər. Şirinov qardaşları həyatlarını təhlükə altında qoyaraq yanan avtomobildən uşağı çıxarmağa tələsiblər. Maşının yan şüşələrini sındırsalar da, bir nəticə hasil olmayıb. Sonra arxadan yük yerinin qapısını sındıraraq avtomobilə daxil olublar.

Bu dəfə onlar ağlayan 3 yaşlı uşağı və onun anasını avtomobildən çıxara biliblər. Maşında ön oturacaqların arasında ailə başçısı qalmışdı. Onu çıxarmaq praktiki olaraq qeyri-mümkün idi, alov isə boru vasitəsilə sürətlə qaz balonuna yaxınlaşırdı. Ətrafdakılar qışqırırdılar ki, qaçın, indi partlayış olacaq. Şirinov qardaşları isə aşkar təhlükəyə baxmadan yük yerindən içəri daxil olub, oturacaqları sındırıb və kişini dartıb çıxarıblar. O, huşsuz vəziyyətdə salonda ilişib qalmışdı.

Ailənin hər üç üzvü xilas ediləndən təxminən bir dəqiqə sonra maşındakı qaz balonu partlayıb.

Prezident İlham Əliyev göstərdikləri şəxsi şücaətə görə Sabir və Umud Şirinov qardaşlarının “İgidliyə görə” medalı ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

 

DİGƏR Xəbərlər Arxiv