YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Şəhid ailələri ilə görüş və imzalanmış Fərman böyük diqqət və qayğının növbəti təcəssümüdür

“Azərbaycan Prezidentinin şəhid ailələri görüşməsi, onları dinləməsi, eləcə də daha 3 minə qədər şəhid ailəsinin birdəfəlik müavinətlə təmin olunması haqqında Fərman imzalaması cənab İlham Əliyevin və dövlətin bu məsələyə nə qədər həssas yanaşdığını nümayiş etdirir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, dövlət başçısının növbəti humanist təşəbbüsü ilə əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisimizin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Yeni Fərmanla birdəfəlik ödəmələr artıq 12268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır: “Cənab Prezidentin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümü olan Fərman və görüş ictimaiyyətimiz tərəfindən də çox yüksək dəyərləndirilir”.

Deputat diqqətə çatdırıb ki, Prezident Sarayında şəhid ailələri ilə keçirilən görüş anti-Azərbaycan dairələrinə də böyük siyasi mesaj oldu: “Ötən ilin aprel ayından cənab Prezident İlham Əliyevin imzaladığı Fərmanın əhəmiyyətinə kölgə salmağa çalışan anti-Azərbaycan qüvvələri şəhid ailələrinin məlumatsızlığından və həssaslığından istifadə edərək siyasi dividentlər qazanmağa, ölkəmizin imicinə ləkə gətirməyə çalışırdılar. Bu prosesdə erməni lobbisi ilə yanaşı radikal müxalifət və Avropadakı “sapı özümüzdən olan baltalar” xüsusi canfəşanlıq edirdilər. Lakin hər zaman olduğu kimi bu dəfə də xalqımız, xüsusilə də şəhid ailələri təxribatlara uymadı, dövlətinin və cənab Prezident İlham Əliyevin yanında olduğunu nümayiş etdirdi. Elə Prezident Sarayında çıxış edən şəhid ailələri birmənalı şəkildə dağıdıcı ünsürlərin çağırışlarına “yox” dedilər və daim Prezident İlham Əliyevlə birgə olduqlarını isbatladılar”.