YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq Dağlıq Qarabağ problemin həllini zəruri edir

“Azərbaycanın xarici siyasətinin ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, yəni, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Bunun üçün Azərbaycan ötən illər ərzində mühüm, dərin strateji diplomatiya siyasəti həyata keçirməklə, ilk növbədə, problemin həlli ilə bağlı yeni şərtlər formalaşdırmağa nail olub. Bu şərtlərin formalaşdırılması mühüm strateji istiqamətlər üzrə müəyyən edilmiş ardıcıl və məqsədyönlü siyasət sayəsində mümkün olub. İlk növbədə, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, regional və beynəlxalq təşkilatlarla ölkəmizin bərabərhüquqlu tərəfdaşlığa nail olması, ikincisi isə, regionda ermənilərlə ənənəvi əlaqələri olan və daha çox Ermənistanın tərəfdaşı kimi tanınan ölkələri öz tərəfdaşına çevirməsi siyasəti həyata keçirilib. Eyni zamanda, Azərbaycan regional əməkdaşlığı prinsipial mövqe olaraq müəyyənləşdirməklə tərəfdaş ölkələrin milli maraqlarını da öz milli maraqları ilə uzlaşdırmağı bacarıb. Hazırda Ermənistan həm regionda, həm də beynəlxalq aləmdə Azərbaycanın nüfuzu qarşısında küncə sıxışdırılmış vəziyyətə düşüb, ənənəvi müttəfiqlərini də itirib. Azərbaycan Prezidentinin də dediyi kimi, Azərbaycan işğalçı Ermənistana qarşı təcrid siyasətini uğurla davam etdirib və işğal faktı davam etdikcə həmin siyasəti davam etdirəcəyik”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, yeni reallıq və Ermənistanın bu cür küncə sıxışdırılması onun öz ənənəvi müttəfiqləri ilə münasibətlərinin korlanmasına gətirib çıxarıb ki, ötən ilin aprelində başlayıb dekabr ayında sona çatan hadisələrdə biz bir daha bunun şahidi olduq. Ona görə də Azərbaycan 2019-cu ilə yeni yaratdığı geosiyasi reallıqlarla qədəm qoyub. Bu reallıqlar ölkəmizin lehinədir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində yeni perspektivlər yaradır.

“Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə Prezident İlham Əliyevin və Ermənistanın baş nazirinin Davosda görüşməsini də bu perspektivlər kontekstində qiymətləndirmək lazımdır. Artıq qeyri-rəsmi formatda belə görüş Sankt-Peterburqda və Düşənbədə baş tutub. Davos görüşü isə bir qədər daha fərqli formada, vasitəçilərin iştirakı olmadan baş tutdu. Bu, özlüyündə müsbət hal olmaqla ilk dəfədir ki, baş verir. Məsələ ondadır ki, Prezident İlham Əliyev 2019-cu ildə problemin həlli istiqamətində danışıqlara yeni impulsların daxil olacağı barədə fikirlər səsləndirmişdi. 2019-cu ildə həmsədrlərin iştirakı ilə xarici işlər nazirlərinin görüşməsi, bu görüşün 4 saat davam etməsi və bundan sonra BMT baş katibinin və Avropa İttifaqının bəyanatla çıxış edərək danışıqları müsbət qiymətləndirməsi özlüyündə yeni dinamikadır və müəyyən ümidlər yaradır. Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq problemin həllini zəruri edir və bu, Ermənistanda da dərk edilən reallığa çevrilməkdədir. Ona görə də əgər fövqəladə bir hadisə baş verməsə, 2019-cu ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində intensiv və nəticəyə yönəlik danışıqlar prosesinin davam etdiriləcəyini müşahidə edə bilərik. Azərbaycanın prinsipial mövqeyi qəbul edilir və danışıqlar prosesi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı çərçivəsində aparılır”-deyə, H.Babaoğlu vurğulayıb.