YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhsün Nağısoylu: 2019-cu ilin “Nəsimi ili” elan edilməsi olduqca təqdirəlayiq və əlamətdar bir hadisədir

“Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisədir. Bu Sərəncam ölkə Prezidentinin, Azərbaycan dövlətinin bədii sözə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir bariz nümunəsidir”. Bu fikirləri  AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

M.Nağısoylu bildirib ki, Ümummilli lider Heydər Əliyev hələ ölkəmizə rəhbərliyinin birinci dönəmində  elm və mədəniyyətə, ədəbiyyat və incəsənətə, xüsusilə də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşaraq bu yöndə bir sıra məqsədyönlü tədbirlər həyata keçirib. Onun sözlərinə görə, həmin tədbirlər sırasında məhz Ulu öndərin təşəbbüsü ilə 1973-cü ildə böyük söz ustası İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsi və ölkəmizdə böyük təntənə ilə qeyd olunması xüsusi yer tutur. Məlum olduğu kimi, həmin yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin möhtəşəm heykəli ucaldıldı, şair haqqında məşhur bədii film çəkildi, eləcə də böyük söz ustadının əsərləri həm doğma ana dilində, bəziləri isə bir sıra xarici dillərdə nəfis şəkildə nəşr olundu.

“Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də ana dilimizin və elmimizin inkişafı ilə bağlı bir sıra mühüm sənədlərə imza atıb. Prezident İlham Əliyev 2018-ci il noyabrın 15-də İmadəddin Nəsiminin 650 illik yubileyinin ölkəmizdə yüksək səviyyədə qeyd olunması haqqında Sərəncam imzaladı. Bədii söz sənətinin ən dəyərli incilərini ortaya qoyan, əsərlərində ümumbəşəri fikirləri yüksək poetik şəkildə ifadə edən mütəfəkkir şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının nadir simalarından biridir. Məhz buna görə də Nəsiminin 650 illik yubileyinin qeyd olunması və Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi olduqca təqdirəlayiq və əlamətdar bir hadisədir. 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması və böyük şairin 650 illik yubileyinin yüksək səviyyədə qeyd olunması işığında qüdrətli söz ustasının adını daşıyan Dilçilik İnstitutunda da yaxın gələcəkdə bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur”-deyə, M.Nağısoylu qeyd edib.