YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The Jerusalem Post”: İsrail-Azərbaycan strateji tərəfdaşlığı möhkəmlənir və genişlənir

Məlum olduğu kimi, İsrailin müdafiə sənayesi çox cəhətdən birinci olması ilə fərqlənir. Ən müasir silahlar istehsal edən şirkətlərdən biri də İsrail Müdafiə Ordusu üçün pilotsuz uçuş aparatları istehsal edən “Elbit Systems” şirkətidir. Bir neçə gün bundan əvvəl məlum olub ki, “Elbit Systems” şirkəti Azərbaycana ən müasir pilotsuz uçuş aparatı – uzaq məsafədə yerləşən hədəflərə dəqiq taktiki zərbələr endirməyə imkan verən “SkyStriker” markalı “kamikadze” satıb. Beləliklə, Azərbaycan İsraildə istehsal edilmiş ən müasir pilotsuz uçuş aparatı almış ilk və hələlik yeganə xarici ölkədir.

İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutun İsraildə çıxan nüfuzlu ingilisdilli nəşri olan “The Jerusalem Post” qəzetində dərc olunmuş “İsrail-Azərbaycan strateji tərəfdaşlığı möhkəmlənir və genişlənir” sərlövhəli məqaləsi bu mövzuya həsr edilib.

Məqalə müəllifi vurğulayır ki, Stokholm Beynəlxalq Sülh Problemlərinə dair Tədqiqatlar İnstitutunun məlumatına görə, 2017-ci ildə Azərbaycan İsraildən alınmış silahların dəyərinə görə üçüncü ən böyük ölkə olub (137 milyon dollar). Baş nazir Binyamin Netanyahu 2016-cı ilin dekabrında Bakıda rəsmi səfərdə olarkən bildirib ki, o vaxta qədər Azərbaycan İsraildən 5 milyard dollarlıq silah alıb.

Arye Qut vurğulayır: “Hazırda İsrail dövləti ilə Azərbaycan Respublikası arasında qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq və əməkdaşlıq münasibətləri dünyanın əksər ölkələri üçün ideal modeldir. Bu ölkələr və onların xalqları ən çətin vaxtlarda bir-birinin yanında olub və mühüm məsələlərdə həmişə bir-birini dəstəkləyib. Bu möhkəm əlaqələrin əsas səbəblərindən biri insan amilidir – azərbaycanlılarla bu ölkədə yaşayan yəhudi icması arasında qədimdən mövcud olan sıx qardaşlıq və dostluq münasibətləri”.

İsrailli ekspertin fikrincə, bir sıra xalqlardan fərqli olaraq azərbaycanlılar yəhudiləri heç vaxt əcnəbi hesab etməyiblər. Arye Qut yazır: “Əslən Azərbaycandan olan yəhudilər artıq neçə ildir ki, Azərbaycan ilə İsrail arasında strateji iqtisadi və geosiyasi tərəfdaşlığın formalaşmasına və möhkəmlənməsinə kömək edirlər. Azərbaycanda yaşayan yəhudilər heç vaxt təqiblərə, təhqirlərə, alçaldılmağa, talanlara və ya antisemit hərəkətlərə məruz qalmayıblar. Beləliklə, iki dövlət arasında praktiki olaraq həyatın bütün sahələrində münasibətlər yetərincə yüksək siyasi etimad səviyyəsindədir”.

Ekspertin sözlərinə görə, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionuna nəzər salanda asanlıqla görmək olar ki, İsrailin strateji tərəfdaşı olan Azərbaycan çox mürəkkəb geosiyasi regionda yerləşir. Lakin Cənubi Qafqazın bu mürəkkəb geosiyasi labirintinə baxmayaraq Azərbaycan özünün çoxvektorlu və ölçülüb-biçilmiş xarici siyasətini yetərincə uğurlu şəkildə həyata keçirir.

Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli nəşri olan “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində yazır: “Verilən məlumata görə, İsrailin “Israel Aerospace Industries” şirkəti keçən il Azərbaycana “Harop” adlı pilotsuz uçuş qurğusu satıb. Azərbaycan heç kəsdən gizlətmir ki, bu aparatdan özünün ayrılmaz tərkib hissəsi olan, hazırda Ermənistan Respublikası tərəfindən işğal edilmiş Dağlıq Qarabağda yerdəyişmələri müşahidə etmək məqsədilə istifadə olunacaq. İsrail ilə Azərbaycan arasında hərbi strateji tərəfdaşlıq daim fəal surətdə inkişaf edir və möhkəmlənir. Son zamanlar İsrailin bəzi KİV-ləri İsraildəki erməni lobbisinin nümayəndələrinin təsiri altında İsrail-Azərbaycan hərbi əməkdaşlığında guya “problemlər yaranması” barədə yalan informasiya yaymağa çalışırlar.

2016-cı ilin məlum aprel hadisələrindən sonra Azərbaycan Silahlı Qüvvələrinin çevik və uğurlu əks-hücumu dövründə erməni tərəfin müdafiə xətti məhv edildi və Azərbaycan ordusu bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini erməni işğalından azad etdi. Bu hadisələrdən dərhal sonra erməni KİV-lərində real antiisrail isteriyası müşahidə olunur, antisemit və antiisrail ruhlu məqalələr dərc edilirdi. Hətta İsraildəki erməni icması Azərbaycan-İsrail tərəfdaşlığına qarşı mitinqlər keçirirdi”.

Qutun fikrincə, iki ölkə arasında dəyəri 5 milyard dollara yaxın hərbi sazişlərin imzalanması nəticəsində Azərbaycan İsraildən ən müasir hərbi texnologiyalar ala bilib. Arye Qut yazır: “Regiondakı bəzi dövlətlər, xüsusən Azərbaycan torpaqlarının 20 faizinin işğalını 27 il ərzində davam etdirən təcavüzkar Ermənistan terror təhdidlərinə qarşı mübarizə və təhlükəsizlik məsələlərində Azərbaycan Respublikası ilə İsrail dövləti arasında əməkdaşlığa son qoyulmasını istəyir. İsrail dövləti Azərbaycanın dostu, həm iqtisadi və siyasi, həm də təhlükəsizlik məsələləri üzrə onun strateji tərəfdaşıdır”.

Arye Qut İsrail-Azərbaycan hərbi əməkdaşlığının Ermənistan tərəfindən tənqid edilməsi mövzusuna toxunaraq vurğulayır ki, Azərbaycan və İsrail öz dostlarını və tərəfdaşlarını üçüncü ölkələrin mövqeyindən asılı olmayaraq özləri seçir, hərbi-texniki sahədə strateji əməkdaşlığın və tərəfdaşlığın səviyyəsini özləri müəyyən edir.

İsrailli ekspert Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunaraq yazır ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində etnik təmizləmələr aparıb, bu əməliyyatların ən qeyri-insani forması Xocalı şəhərində həyata keçirilib.

Arye Qut yazır: “Erməni silahlı dəstələri 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində insanlığa qarşı dəhşətli cinayət – Azərbaycanın dinc mülki əhalisinə qarşı soyqırımı aktı törətdilər. Erməni silahlı dəstələrinin vəhşiliyi nəticəsində 613 nəfər qətlə yetirildi, 487 adam əlil oldu, aralarında qocalar, qadınlar və uşaqlar da olmaqla, 1275 dinc sakin əsir düşdü, təsvirəgəlməz işgəncələrə, təhqirlərə və alçaldılmağa məruz qaldı. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə məhv edilməsinin yalnız bir səbəbi vardı – onlar hamısı azərbaycanlı idi. Azərbaycan və onun xalqı misli görünməmiş işgəncələrlə üzləşdi. Xocalı şəhərində törədilənlər Azərbaycan ərazilərinin işğalının və etnik təmizləmələrin, qəddarlığı ilə şok doğuran vahimə və qorxu hissi yayılmasının növbəti mərhələsi oldu. Bu, təkcə bir nəslin faciəsi deyil, bəşər tarixində ən dəhşətli cinayətlərdən biridir”.

Lakin Azərbaycan xalqının iradəsini qırmaq məqsədilə törədilən Xocalı soyqırımı bu niyyətinə çatmadı, azərbaycanlıların başqa xalqlara humanist və tolerant münasibətini dəyişdirə bilmədi. Azərbaycan xalqı sıx birləşmiş halda öz inkişaf yolunu inamla davam etdirdi.

Qutun fikrincə, bu danılmaz bir tarixi faktdır ki, Avrasiyada heç bir başqa ölkənin İsrail ilə əlaqələri İsrail-Azərbaycan əlaqələrindən daha sıx və ya səmimi deyil. İsrailli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli nəşri olan “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsinin sonunda yazır: “İki ölkə arasında münasibətlər xüsusən ona görə təəccüb doğurur ki, Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlar olan dünyəvi ölkədir. Azərbaycan İsrail üçün həmişə cəlbedicidir. Özü də təkcə ona görə yox ki, bu ölkədə antisemitizm yoxdur və heç vaxt olmayıb, həm də ona görə ki, rəsmi Bakı dünyada antisemitizm təzahürlərini dəfələrlə pisləyib. İsrail ilə Azərbaycan arasında iqtisadi, siyasi və strateji əlaqələrin daim genişlənməsini nəzərə alsaq, bu qarşılıqlı cazibə xüsusilə aktuallaşır”.