YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Sauli Niinistö: Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addımlar atılacağına ümidlər çoxdur

Minsk qrupunun hazırkı prosesini dəstəkləyirəm. İndiki vəziyyət daha optimistdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addımlar atılacağına ümidlər çoxdur.

Bu fikirləri Finlandiyanın Prezidenti Sauli Niinistö AŞPA-da azərbaycanlı deputat Rafael Hüseynovun sualına cavabında söyləyib.

Finlandiya Prezidenti AŞPA-da ölkəsinin quruma sədrliyi dövründə nəzərdə tutulan prioritetlərdən danışandan sonra parlamentarilərin suallarını cavablandırıb.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Prezident Sauli Niinistöyə iki sualla müraciət edib. Birinci sual Azərbaycan və Finlandiya arasında inkişaf etməkdə olan iqtisadi münasibətlərlə bağlı olub. Deputat bu əlaqələrin ümumi mənzərəsini cızaraq, iki ölkənin iqtisadi əlaqələrini daha əhatəli edəcək hansı imkanların olmasını soruşub: “Finlandiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı olan iqtisadi münasibətlər ardıcıl şəkildə inkişaf edir. Azərbaycan ilə Finlandiya arasında ticarət dövriyyəsi durmadan artır. Bu gün Azərbaycanda sənaye, ticarət, xidmət və tikinti sahələrində Finlandiyanın 13 şirkəti qeydiyyatdan keçib. Ölkənizin xarici ticarət və inkişaf nazirinin Bakıya 2018-ci ildəki səfərindən sonra bu əlaqələrin inkişafı baxımından hər hansı yeni mühüm perspektivlər müəyyənləşdirilibmi?”.

Finlandiya Prezidenti bu sualın cavabında bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin həqiqətən yaxşı perspektivləri var. Sizin mənə bu barədə fikirlərimi bölüşmək imkanı yaratmağınız yəqin ki, Azərbaycanla iqtisadi əlaqələr quran və bu niyyətdə olan fin şirkətlərini və müəssisələrini sevindirəcək. Belə şirkətlər və müəssisələr bizdə çoxdur. Biz urbanizasiya dövründə yaşayırıq. Bunun müsbət tərəfləri olduğu kimi, təbii ki, yaratdığı problemlər də var. Bu istiqamətdə fəaliyyət göstərən, məhz urbanizasiyadan doğan problemlərin həlli sahəsində xidmət göstərən müəssisələrimiz var. Onlar yalnız ölkəmizdə deyil, iqtisadi əlaqələr qurduğumuz ölkələrdə də eyni məsələlərin həlli ilə məşğul olmaqda maraqlıdırlar. Məsələn, su təmizlənməsi, yol çəkilişi və bu qəbil sahələr üzrə işləyən müəssisələrin əməkdaşlıq imkanları genişdir. Perspektivlər çoxdur. İndiyədək etdiklərimizdən daha çox iş görməliyik.

İkinci sual, Azərbaycan üçün xüsusi önəm daşıyan Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı idi. Azərbaycan nümayəndə heyətinin üzvləri adətən hər münasib imkandan istifadə edərək bu mövzunun gündəmə gətirilməsinə cəhd edirlər və Finlandiyanın ATƏT-in Minsk qrupuna üzv ölkələrdən olması indi növbəti dəfə bu məsələdən bəhs etməyə imkan yaradırdı.

Rafael Hüseynov Prezident Sauli Niinistöyə belə sualla müraciət etdi: “Hələ 1992-ci ildə ATƏT-in Minsk qrupunda həmsədrlik institutu təsis edilərkən Dağlıq Qarabağ probleminin həlli məsələsində Finlandiya həmsədrlərdən biri seçilmişdi. Siz bu gün də Minsk qrupunda varsınız və Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi də həllini tapmadan qalır. Bir münasib tərəfdaş kimi getdikcə daha sıx iqtisadi, mədəni əlaqələr qurduğunuz Azərbaycanın bu ümdə probleminin həll istiqamətində hansı yeni səylərinizi gözləyə bilərik?”.

Finlandiya Prezidenti bəyan edib ki, hərbi münaqişələrin, qaçqınlar probleminin və bunlardan törəyən digər fəsadların aradan qaldırılmasında, əslində, hamımız maraqlıyıq. Çünki bunun bu və ya digər dərəcədə hamıya təsiri var. Azərbaycanın problemi də bizə yaxşı tanışdır, bu münaqişənin tezliklə sülh yolu ilə, diplomatik vasitələrlə həllində maraqlıyıq və Minsk qrupu çərçivəsində buna istənilən dəstəyi göstərməyə hazırıq. Son dövrdəki müşahidələrimiz, danışıqlar prosesi optimizmdən xəbər verir. Ümid var ki, Azərbaycan və Ermənistanın maraqlarına optimal cavab verən qərarlar qəbul ediləcək.

 

DİGƏR Xəbərlər Arxiv