YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-İsrail əlaqələri yüksələn xətlə inkişaf edir

Mayın 1-də Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan “İsrail Bizim Evimizdir” Partiyasının gənclər təşkilatının nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərdən danışan B.Muradova Azərbaycan ilə İsrail arasındakı əlaqələrin tarixi köklərə söykəndiyini demişdir. O, bildirmişdir ki, münasibətlərin belə yüksək səviyyədə olmasında xalqlarımızın çox böyük rolu vardır. Qeyd edilmişdir ki, Azərbaycan xalqı müxtəlif xalqların nümayəndələri ilə dostluq şəraitində yaşayır.

Eyni zamanda, qonaqların diqqətinə çatdırılmışdır ki, tolerantlıq Azərbaycan xalqının xarakteridir və dövlətimizin əsas siyasətidir. Azərbaycan çoxmillətliliyi özünün zənginliyi hesab edir.

Görüşdə bildirilmişdir ki, iki ölkənin partiyaları və icmaları arasındakı münasibətlər də çox yüksək səviyyədədir. “İsrail Bizim Evimizdir” Partiyasının Gənclər Birliyi ilə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin birgə əməkdaşlığı hər iki ölkənin gənclərini bir-birinə daha da yaxınlaşdırmağa xidmət edir.

Nümayəndə heyətinin rəhbəri Rabin Kiril Azərbaycanda keçirdikləri görüşlərdən məmnunluqla danışmışdır. İki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyən qonaq gənclər arasındakı əlaqələrin, birgə reallaşacaq layihələrin ölkələrin münasibətlərin daha da genişləndirilməsinə öz töhfəsini verəcəyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.