YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səyavuş Heydərov: Həyata keçirilən siyasi kurs Azərbaycanı inkişaf etdirməklə yanaşı, həm də ölkəmizi dünyanın mühüm sivilizasiyalar və dinlərarası dialoq mərkəzlərindən birinə çevirib

“Bu gün sürətlə dəyişən və ziddiyyətli təzahürləri ilə qloballaşan dünyada son dərəcə mürəkkəb proseslər baş verir. Aparılan təhlillərin nəticələrinə görə, dünyadakı mövcud ziddiyyətlərin, müharibələrin kökündə əsasən dini və etnik zəmində baş verən münaqişələr dayanır. Dünyadakı ictimai-siyasi gərginlik, o cümlədən baş verən münaqişələrin dini və etnik zəmində olması beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradır”. Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, dünyanın güc mərkəzləri öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün din amilindən istifadə edirlər. Onun sözlərinə görə, dini və milli-mənəvi dəyərlər bu gün bəzi maraqlı qüvvələrin alətinə çevrilib. Xüsusilə son dövrdə dinin siyasiləşdirilmiş formada yayılması və təqdim edilməsi olduqca təhlükəlidir. Yaxın Şərq təcrübəsi və orada hazırda davam edən proseslər bir daha açıq şəkildə göstərdi ki, dini təhlükəsizlik təmin olunmadan milli təhlükəsizliyə nəzarət etmək qeyri-mümkündür.

Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyətinin cəmiyyətimizin təhlükəsizliyi üçün böyük potensial olduğunu deyən S.Heydərov söyləyib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda nümunəvi multikultural və birgəyaşayış modeli formalaşıb.

“Azərbaycan dövləti və onun rəhbəri beynəlxalq təhlükəsizliyin bərqərar olmasına böyük töhfələr verməkdədir. Uzaqgörənliklə həyata keçirilən, balanslaşdırılmış, qarşılıqlı maraqlara söykənərək reallaşdırılan, milli və dövlətçilik ənənələrimizin də qətiyyətlə müdafiə edildiyi bu siyasi kurs Azərbaycanı inkişaf etdirməklə yanaşı, həm də ölkəmizi dünyanın mühüm sivilizasiyalar və dinlərarası dialoq mərkəzlərindən birinə çevirib”-deyə, S.Heydərov vurgulayıb.