YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

K/T Nazirliyi: Prezident İlham Əliyevin “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsinə dair” Fərmanı aqrar islahatların mühüm tərkib hissəsidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 19 dekabr tarixli “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsinə dair” Fərmanı həyata keçirilən aqrar islahatların mühüm tərkib hissəsidir.

Bunu Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, ötən 14 ildə “Aqrolizinq” vasitəsilə ölkədə kənd təsərrüfatı texnikası və damazlıq heyvan bazasının formalaşması və təkmilləşməsi fəaliyyəti həyata keçirilib. Bu müddət ərzində 44 minə yaxın kənd təsərrüfatı texnikası idxal olunaraq 40 faiz güzəştlə satılıb, 35 mindən artıq damazlıq heyvan 40 faiz güzəştlə lizinqə verilib, 795 min ton gübrə və 300 min litr pestisidin güzəştli satışı təşkil edilib, 55 aqroservis formalaşdırılaraq texniki servis xidməti göstərilib.

Hazırda isə istismar müddəti başa çatmaqda olan avadanlığın yenilənməsinə, innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsinə, kənd təsərrüfatına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsinə ehtiyac yaranıb.

Fərmana əsasən, bundan sonra kənd təsərrüfatı texnikası və damazlıq heyvanlara tətbiq olunan güzəştlər bütün təchizatçı şirkətlərə şamil ediləcək. Texnika və damazlıq heyvan satışı “Aqrolizinq” tərəfindən deyil, təchizatçı şirkətlər tərəfindən həyata keçiriləcək. Nəticədə kənd təsərrüfatı texnikası bazarında rəqabət güclənəcək, qiymətlərdə azalma müşahidə olunacaq.

“Aqrolizinq”in portfeli, texnika və damazlıq heyvanlara güzəştlərin tətbiqi funksiyaları Aqrar Kredit və İnkişaf Agentliyinə ötürüləcək. “Aqrolizinq” hələlik digər funksiyalarını davam etdirəcək.

“Aqrolizinq” ASC kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışında iştirak etməyəcək, yalnız gübrə və pestisidlərin satışını həyata keçirən bazar iştirakçılarından biri olacaq.

Kənd təsərrüfatı texnikası və damazlıq heyvanların lizinqə götürülməsi artıq “Aqrolizinq”də deyil, müvəkkil banklarda rəsmiləşdiriləcək.

Kənd təsərrüfatı texnikasının lizinqi zamanı dövlət texnikanın ilkin dəyərinin 40 faizini subsidiya şəklində ödəyəcək. Fermer 20 faiz ilkin ödəniş edəcək, qalan 40 faiz isə fermerə müvəkkil bank tərəfindən kredit şəklində veriləcək. Müvəkkil banklar tərəfindən tətbiq edilən maksimum 7 faiz olan kredit faizi dövlət tərəfindən subsidiyalaşdırılacaq.

Damazlıq heyvanlarda isə dövlətin tətbiq etdiyi subsidiya 10 faiz artırılaraq 50 faizdən 60 faizə qaldırılacaq. Vətəndaş qalan məbləğin 25 faizini ilkin ödəniş edəcək, 15 faizini isə banklar kredit şəklində rəsmiləşdirəcək. Aparılan islahatlar nəticəsində kənd təsərrüfatı texnikası və damazlıq heyvan bazası artacaq və daim yenilənəcək.

Fərmana əsasən, “Aqrolizinq”in tabeliyində olan aqrotexniki servis xidmətləri mərhələli şəkildə özəlləşdiriləcək. Özəlləşdirmə aqrotexniki xidmətlərin keyfiyyətinin artmasına müsbət təsir göstərəcək.

Kənd təsərrüfatı texnikası ehtiyat hissələrinin istehsalı, satışı və idxalının əlavə dəyər vergisindən azad olunması da nəzərdə tutulur.