YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Azərbaycanda polis orqanlarında kibercinayətkarlığa qarşı xüsusi qrupların yaradılması vacibdir

“Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması ilə bağlı yeni şərtlər formalaşdırır. Bu, heç şübhəsiz, ölkəmizin həyata keçirdiyi dərin strateji diplomatiya sayəsində mümkün olub. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistanın üzv olduğu, bizim üzv olmadığımız təşkilatlarda da bizim mövqeyimiz üstünlük təşkil edir”. Bu fikirləri isə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Sosial şəbəkələrdə Azərbaycanın əleyhinə aparılan kampaniyalara münasibətini bildirən Hikmət Babaoğlu bu hadisələrin təsadüfi olmadığını deyib: “Hazırda biz yeni sosium növündə yaşayırıq, bu, informasiya cəmiyyəti adlanır. Real sosial həyatdan kənarda yeni bir virtual ictimai münasibətlər sistemi formalaşıb. Biz buna sadəcə virtual ictimai münasibətlər sistemi deyib keçə bilərik. Amma məsələ bu qədər sadə deyil. Çünki virtual məkan real həyatımızın da keyfiyyətini və istiqamətlərini müəyyənləşdirən amillərdəndir. Ona görə də virtual məkanda ictimai münasibətlərin də hüquqi müstəvidə tənzimlənməsi çox vacibdir. Ölkəmizdə bu istiqamətdə müvafiq addımlar atılmalıdır. Almaniyada bununla bağlı qanun qəbul edilib. Bu qanun birbaşa sosial şəbəkələrlə bağlı olmasa da, federal qanunların sosial şəbəkələrdə qorunması ilə əlaqədar xüsusi polis, təhqiqat qrupları yaradılıb. Hesab edirəm ki, Azərbaycanda da kibercinayətkarlığa qarşı polis orqanlarında xüsusi qrupların yaradılması və bu hallara qarşı sosial şəbəkələrdə mübarizə aparılması vacibdir. Bizim çox nüfuzlu hüquq mühafizə orqanlarımız var. Onlar bu hadisələrlə bağlı ictimai sifarişi gözləmədən dərhal tədbirlər görməlidirlər”.

Millət vəkilinin fikrincə, ən mühüm məqam odur ki, informasiya yeni insan növu formalaşdırır: “O, artıq milli dəyərlər üzərindən identifikasiya olunan insan növü deyil. Onlar istehlak etdiyi informasiya üzərindən özünü identifikasiya edən fərdlərdir ki, bu da  yeni bir sosial baza yaradır. Bütün bunları nəzərə alaraq Azərbaycanda sistemli şəkildə addımlar atılmalı, eyni zamanda, indiki mərhələdə hüquq mühafizə orqanları sosial şəbəkələrdə hüquqi münasibətləri tənzimləmək üçün xüsusi qruplar yaratmalıdır”.