YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, ərazisi 2250 kvadratmetr olan mərkəz respublikada ən böyük gənclər mərkəzlərindən biridir. Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətlərinin müxtəlif məqamlarını, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Binanın birinci mərtəbəsində stolüstü oyunlar zalı və kafe bütün lazımi avadanlıqla təchiz olunub. Video-studiyada ən son texnologiyalar quraşdırılıb. Burada gənclərin müxtəlif növ verilişlər hazırlamaq imkanı olacaq.

Bildirildi ki, Mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır.

Prezident İlham Əliyevə məlumat verildi ki, binanın ikinci mərtəbəsində mehmanxana fəaliyyət göstərəcək. Burada həm təlim keçən gənclərin, həm də idmançıların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Mərkəzdə kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır.

Konfrans zalı müasir üslubda yaradılıb. Burada müxtəlif mövzularda “dəyirmi masa”lar keçirmək mümkün olacaq. Yaradıcılıq mərkəzində gənclər həm sənət öyrənəcəklər, həm də onların əl işləri sərgilənəcək.

Prezident İlham Əliyev açıq havada quraşdırılan idman qurğuları ilə də tanış oldu. Burada futbol, basketbol və voleybol meydançaları var.

Dövlətimizin başçısına məlumat verildi ki, kompleksdə 6 kottec inşa olunub. Burada da istirahət üçün hər cür şərait yaradılıb.

Dövlətimizin başçısı görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.