YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycanda gender bərabərliyinin təmin olunması daim diqqət mərkəzindədir

Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin bu gün keçirilən iclasında "Gender zorakılığına qarşı 16 günlük fəallıq" adlı beynəlxalq kampaniya çərçivəsində bir çox ölkələr tərəfindən görülən işlərlə bağlı müzakirələr aparılıb. İclasda çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova Azərbaycanın bu kampaniyaya verdiyi dəstək, ölkəmizdə kampaniya çərçivəsində görülən işlər haqqında ətraflı məlumat verib. Millət vəkili S.Qafarova deyib ki, bu kampaniya çərçivəsində ölkəmizdə çox genişmiqyaslı tədbirlər həyata keçirir. Kampaniyanın məqsədi gender əsaslı zorakılığın insan hüquqları kimi təbliği üçün yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmənin aparılmasıdır.

Millət vəkili kampaniya çərçivəsində keçirilən tədbirləri diqqətə çatdıraraq qeyd edib ki, ölkəmizdə bununla bağlı tədbirlərə "Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!" mövzusunda geniş konfransla start verilib. Hökumət təmsilçilərinin, Milli Məclisin üzvlərinin, bir sıra beynəlxalq təşkilat, o cümlədən BMT-nin nümayəndəsinin, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən konfransda gender bərabərliyinin təmin olunması, qadınlara və qızlara münasibətdə zorakılğın aradan qaldırılması ilə bağlı tədbirlərin əhəmiyyəti, bu sahədə vəziyyət, görülməli olan işlər geniş müzakirə olunub. Daha sonra kampaniya çərçivəsində Azərbaycanın bir sıra regionlarında təlimlər keçirilib, yerli idarəetmə orqanları ilə birgə təşkil olunan "Ailə akademiyası" adlı layihə icra olunub. Bununla yanaşı, S.Qafarova "Azərbaycan ailəsi" film festivalı, həmçinin "Həyatdan şəkilə" foto müsabiqə keçirildiyini bildirib. Milli Məclis üzvü vurğulayıb ki, Azərbaycanda kampaniya çərçivəsində təşkil olunan bu və digər tədbirlər gender əsaslı zorakılıq hallarının aradan qaldırılması, maarifləndirmə işinin daha da genişləndirilməsi, həmçinin gender sahəsində həyata keçirilən dövlət siyasətinin dəstəklənməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Millət vəkili S.Qafarova bildirib ki, yaradılan əlverişli şəraitin nəticəsidir ki, bu gün müstəqil Azərbaycanın qadınları parlamentdə, icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsil, səhiyyə sahələrində, biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, hüquq mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər vəzifələrdə təmsil olunurlar. Eyni zamanda, məişət zorakılığı, erkən nikah hallarının qarşısının alınması, o cümlədən qadınların sosial və iqtisadi həyatda fəal iştirakının təbliği sahəsində müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti, bir sıra beynəlxalq təşkilatlarla, xüsusilə də BMT-nin bir çox qurumları ilə birgə layihələr həyata keçirilir.