Xəbərlər
Hikmət Hacıyev: İmzalanmış sənədlər Azərbaycan Prezidentinin Türkmənistana səfərinin praktiki əhəmiyyətini aydın göstərir
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri zamanı keçirilən görüşlərin, imzalanan sənədlərin önəmini şərh edib.
Hikmət Hacıyev deyib ki, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, digər dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığının inkişaf etdirilməsində Prezident İlham Əliyevin xarici ölkələrə rəsmi və işgüzar səfərləri, əcnəbi ölkələrin dövlət və hökumət başçılarını və digər yüksək səviyyəli rəsmi nümayəndə heyətlərini respublikamızda qəbul etməsi xüsusi əhəmiyyətə malikdir. Dövlətimizin başçısının xarici ölkələrə səfərlərindən əvvəl qarşıya qoyulmuş tapşırıqlar əsasında müfəssəl və məzmunlu gündəlik formalaşdırılır, səfərlər mahiyyət etibarilə nəticəyönümlü xarakter daşıyır, açıq məsələlərin həllinə və ikitərəfli siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir. Təbii ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq və regional təhlükəsizlik məsələləri Prezident İlham Əliyevin gündəliyində prioritet xarakter daşıyır.
Həftə ərzində dövlətimizin başçısının Belarus və Türkmənistana rəsmi səfərləri həyata keçirildi. Hər iki ölkə ilə Azərbaycanın tarixi və ənənəvi dostluq əlaqələri var. Belarusa səfər əsnasında Prezident İlham Əliyevin Prezident Aleksandr Lukaşenko ilə iki saatdan artıq apardığı danışıqlar, imzalanan 10-a yaxın sənəd, xüsusilə iki ölkənin liderlərinin imzaladığı Birgə Bəyanat strateji tərəfdaşlığımızın müxtəlif sahələrdə daha da dərinləşməsi üçün geniş perspektivlər açıb. Dövlət başçılarının imzaladığı Birgə Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüququn ümumqəbuledilmiş prinsipləri olan ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyi qeyd olunub.
Türkmənistan tərəfi Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsi və dövlətimizin başçısı tərəfindən rəsmi səfərin həyata keçirilməsinə münasibətdə öz marağını ifadə etmişdi. Belə ki, dövlətimizin başçısının səfərindən əvvəl Türkmənistan Baş nazirinin müavini və xarici işlər naziri ölkəmizə səfər etmişdi.
2017-ci ildə “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Bu Bəyannamə iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafını xarakterizə edir.
Noyabrın 21-22-də həyata keçirilən səfər çərçivəsində 20 sazişin və dövlət başçılarının Birgə Bəyanatının imzalanması səfərin praktiki əhəmiyyətini və nəticələrini açıq şəkildə nümayiş etdirir. İmzalanan sənədlər siyasi, nəqliyyat-logistika, tranzit daşımalar və onların idarə edilməsi, uzunmüddətli iqtisadi-sənaye əməkdaşlığı, elm-təhsil və humanitar sahələri əhatə edir.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, səfər çərçivəsində imzalanan Birgə Bəyanatda dövlət başçıları dost ölkələr olan Azərbaycan və Türkmənistanın bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədiklərini bir daha təsdiqlədilər. Həmçinin Birgə Bəyanatda prezidentlər suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət və riayət əsasında beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini qeyd etdilər.
Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanda və Türkmənistanda paralel surətdə multimodal nəqliyyat sistemləri, dəniz limanları, yol-nəqliyyat infrastrukturu yaradılıb. Dövlətimizin başçısının Türkmənistana səfəri və səfər əsnasında imzalanmış sənədlər iki ölkənin nəqliyyat sistemlərinin inteqrasiya və harmonizasiya edilməsi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın müqavilə-hüquq bazasının və hökumət səviyyəsində operativ əlaqələndirmə mexanizmlərinin yaradılmasına əsaslı təkan verib. Azərbaycan və Türkmənistan yalnız regional səviyyədə deyil, Avrasiya qitəsi boyunca Şərq-Qərb dəhlizinin inkişafına öz mühüm töhfələrini verirlər.