YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Diplomacy&Commerce” nəşrinin “İnFocus” jurnalının növbəti nömrəsi tamamilə Azərbaycana həsr olunub

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ölkəmizin Xorvatiyadakı səfirliyi tərəfindən Azərbaycanın müstəqillik tarixinə, mədəniyyətinə və ölkənin təbliğinə həsr olunan tədbirlər davam edir. Bu tədbirlər çərçivəsində Xorvatiyanın siyasi və biznes dairələri arasında böyük oxucu kütləsinə malik, aylıq əsasda ingilis dilində dərc edilən “Diplomacy&Commerce” nəşrinin “İnFocus” adlı jurnalının növbəti nömrəsi tamamilə Azərbaycana həsr olunub.

Jurnalın sözügedən buraxılışında Azərbaycan Prezidenti İlham Əliyevin cari il sentyabrın 5-6-da Xorvatiyaya rəsmi səfəri və Azərbaycan-Xorvatiya münasibətlərinə dair məlumatlar yer alıb.

Jurnalda yer alan “Tarixin şanlı səhifəsi” adlı yazıda müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətindən, müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasından, ölkəmizdə müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılması ənənələrindən, eyni zamanda, xalqımızın müstəqilliyini yenidən bərpa etməsindən sonra ümummilli lider Heydər Əliyevin onun qorunub saxlanılması və gücləndirilməsi istiqamətindəki xidmətlərindən ətraflı bəhs olunur.

Nəşrdə Azərbaycanın Xorvatiyada səfiri Fəxrəddin Qurbanovun, Xorvatiyanın sabiq Prezidenti, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Stepan Mesiçin və “SOCAR” Balkanın rəhbəri Murad Heydərovun məqalələri dərc olunub.

Ölkəmizin iqtisadi potensialını təbliğ edilməsi məqsədilə Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əlaqələrə dair məqalələr yer alıb.

Jurnalda Bakı şəhərinin “Ekspo 2025” sərgisinə ev sahibliyi etmək üçün namizədliyi, həmçinin beynəlxalq elmi və təhsil dairələrində yüksək nüfuza malik ADA Universiteti barədə məlumat verilib.

Jurnalda Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətindən bəhs edən “İşğal altında olan mübarək torpaq” sərlövhəli məqalə də dərc edilib. Burada ermənilərin törədikləri vəhşiliklərdən və vandalizmdən, Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistanın işğalı altında olmasından, bu təcavüz nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox qaçqın və məcburi köçkündən bəhs olunur.

Nəşrdə Azərbaycanda turizmin sürətli inkişafı, bu istiqamətdə həyata keçirilən layihələr barədə məqalə və ölkəmizin mədəniyyətini, tarixini təbliğ edən fotoşəkillər də yer alıb.