YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə toplantı keçirilib

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək YAP-ın qurucusu, xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov YAP-ın yaranma tarixi, keçdiyi şərəfli yol və qazandığı möhtəşəm nailiyyətlər haqqında danışıb. Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi şərəfli tarixi yol Azərbaycan tarixinin ən önəmli hadisələri sırasındadır. Əli Əhmədov qeyd edib ki, YAP nəinki təkcə Azərbaycan tarixində, yəqin ki, müasir dünyada ən uğurlu siyasi təşkilatlardan biri hesab oluna bilər. Onun sözlərinə görə, bu, ilk növbədə YAP-ın yarandığı vaxtdan bu günədək xalqa xidmət etməsi ilə əlaqədardır: “Eyni zamanda, Azərbaycan xalqının öz taleyini YAP və onun liderləri ilə bağlamasının 26 illik təcrübəsi əsasında deyə bilərik ki, xalqımız YAP-ın siyasətindən tamamilə məmnundur. 26 il ərzində YAP-ın və onun liderlərinin ölkəmizə rəhbərlik etməsi Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil edir. Bu illər ərzində Azərbaycan qarşısında duran bütün əzəmətli vəzifələri yerinə yetirib. Ölkəmiz simasını kökündən dəyişib, Azərbaycan dünyada, o cümlədən regionda mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib, beynəlxalq miqyasda nüfuzu artıb. Bu gün dünyada Azərbaycan hörmətlə adı çəkilən ölkələr sırasındadır. Bu nailiyyətlərin əldə edilməsi bilavasitə YAP-ın liderlərinin müəyyənləşdirdiyi siyasətin nəticəsidir”.

Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi xarakterini təhlil edən Əli Əhmədov vurğulayıb ki, Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi. Belə bir vəziyyətdə Azərbaycanın xilası yolunu Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən ziyalılar Ulu öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.

Bildirilib ki, Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub. YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır.

“Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü və əzəmətli siyasi təşkilatı kimi özünü təsdiq edib. Bu gün YAP-ın sıralarında 725 min Azərbaycan vətəndaşı birləşib. Bu, möhtəşəm bir siyasi ordu deməkdir”, - deyən Əli Əhmədov bildirib ki, səsvermə hüququ olan vətəndaşların təxminən 10 nəfərdən biri partiyamızın üzvüdür. Onun fikrincə, bu, böyük siyasi qüvvədir: “YAP sıralarında bu qədər insanın birləşməsi və onun siyasətində yaxından iştirak etməsi vətəndaşlarımızın mütləq əksəriyyətinin Heydər Əliyev ideyalarına dərin inamı, eyni zamanda, Prezident İlham Əliyevin siyasətinə inamın ifadəsidir. Əgər vətəndaşların qəlbindən gələn bu istək olmasaydı, YAP sıralarında 725 min nəfərin cəmləşməsi mümkün olmazdı”.

YAP-ın Azərbaycandakı siyasi ab-havanı müəyyənləşdirdiyini deyən Əli Əhmədov qeyd edib ki, ölkəmizdə hər hansı siyasi hadisə YAP-ın iradəsindən kənarda mövcud ola bilməz. “Bu mənada, YAP-ın mövcudluğu Azərbaycandakı sabitliyin və əmin-amanlığın təməl prinsiplərindən birini təşkil edir. İnanırıq ki, YAP-ın şərəfli tarixi uzun illər davam edəcək və bu tarixə yeni-yeni şanlı səhifələr yazılacaq. Uzun illər Azərbaycan vətəndaşları YAP iqtidarının faydasını görəcək və onun siyasətinə xidmət edəcək. Azərbaycan vətəndaşları ötən 26 ilin təcrübəsi əsasında qəti əmin olublar ki, YAP-ın mövcudluğu, onun liderinin Azərbaycana rəhbərlik etməsi əmin-amanlıq, sabitlik, inkişaf, tərəqqi, insanların rifahının yüksəlməsi, milli maraqların qorunması, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun artması, müasirləşməsi, yeniləşməsi deməkdir. YAP-ın tarixi keçmişi nə qədər əzəmətli və möhtəşəmdirsə, gələcəyinin daha da parlaq olacağına əminliklə inanırıq. YAP-ın sıralarında birləşən əzəmətli siyasi güc bu inamı reallığa çevirəcək”, - deyə YAP Sədrinin müavini vurğulayıb.

Sonra çıxış edən Baş nazirin müavini, YAP İdarə Heyətinin üzvü Hacıbala Abutalıbov partiyamızın yaranması dövrünə nəzər salaraq o zamanlar xalqımızın çox çətin sınaqlarla üz-üzə qaldığını xatırladıb. Onun sözlərinə görə, məhz belə bir vaxtda Azərbaycanın gələcəyini düşünən ziyalılar Ümummilli lider Heydər Əliyevə müraciət etdilər. YAP-ın yaranmasından qısa müddət sonra Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtdığını deyən natiq Ümummilli liderimizin Azərbaycanı bütün təhlükələrdən xilas etdiyini söyləyib.

H.Abutalıbov qeyd edib ki, Ulu öndər ölkədə ictimai-siyasi sabitliyi təmin etdikdən sonra Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan dünyanın nüfuzlu ölkələri sırasındadır: “Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinə xas olan xüsusiyyətləri Prezident İlham Əliyev Öz əməli fəaliyyətində yüksək peşəkarlıqla həyata keçirir”.

O deyib ki, müstəqil dövlətimizin başçısı İlham Əliyev ölkə iqtisadiyyatının tərəqqisinə xidmət edən sosial-iqtisadi proqramların gerçəkləşməsi ilə yanaşı, milli mənəviyyatımızın təməl sütunlarından sayılan mədəniyyət siyasətinin hərtərəfli inkişafına da mühüm əhəmiyyət verir.

H.Abutalıbov əlavə edib ki, böyük xilaskar Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərdən biri ölkəmizi əbədiyaşar məkana çevirmək məqsədi ilə Şərq dövlətçilik ənənələrinə xas olan şəkildə Öz siyasi məktəbini yaratması olub: “O, bu siyasi məktəbin ən parlaq, layiqli nümayəndəsi İlham Əliyevi müasir Azərbaycanın bugünkü və gələcək inkişafı naminə hazırlayaraq siyasi arenaya çıxara bilib”.

Güclü azərbaycançılıq ideologiyasının əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən Baş nazirin müavini bildirib ki, ölkəmiz Azərbaycanın yeni lideri, respublikamızın Prezidenti İlham Əliyevə həvalə olunduqdan sonra O, qısa zaman kəsiyində, yüksələn xətt üzrə ictimai həyatımızın bütün sahələrini əhatə edən uğurlu və məqsədyönlü islahatlar həyata keçirib: “Prezident İlham Əliyev müasir Azərbaycanda baş verən modernləşmə proseslərini düzgün məcraya yönəldərək yeni innovasiya və informasiya texnologiyalarının tətbiqi prosesinin daxili və qlobal mühitin tələblərinə uyğun səviyyədə gerçəkləşməsinə münbit şərait yaradıb”.

H.Abutalıbov həmçinin Azərbaycanın inkişafı prosesində respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi vurğulayıb.

Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova da çıxışında Yeni Azərbaycan Partiyasının ötən 26 il ərzində keçdiyi şərəfli yol, cəmiyyətdəki mövqeyi və qazandığı uğurlar barədə fikirlərini bildirib. YAP-ın yaranmasının çətin dövrə təsadüf etdiyini deyən B.Muradova o dövrdə partiyanın yaradılması uğrunda mübarizə aparan insanların fədakarlığını xüsusilə qeyd edib: “O dövrdə fəaliyyət göstərən siyasi qüvvələr, o cümlədən hakimiyyət üzərinə düşən vəzifələri yerinə yetirə bilmədilər. Onlar ölkəni və xalqı çox təhlükəli vəziyyətlə üz-üzə qoydular. Yeganə siyasi qüvvə Yeni Azərbaycan Partiyası oldu ki, xalqın arzu və istəklərini həyata keçirdi. Xalqın gələcəyini düşünən insanlar, 91 ziyalı cəmiyyətin mövqeyini ifadə edərək Yeni Azərbaycan Partiyasını yaratmaq üçün Ümummilli liderimiz Heydər Əliyevə müraciət etdilər. Onlar bu amilin ölkənin xilası üçün çox mühüm olduğuna Ulu öndərimizi inandıra bildilər və nəticə etibarilə 1992-ci ilin noyabr ayında YAP təsis olundu. Ona görə də xalqımız Ulu öndər Heydər Əliyevin həmin qərarını hər zaman minnətdarlıqla xatırlayır. Eyni zamanda, biz partiya veteranlarının cəsarətli, fədakar fəaliyyətini yüksək qiymətləndiririk. Çünki onlar insanları məhz bugünkü güclü Azərbaycan naminə səfərbər etməyi bacardılar”.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, 26 il əvvəl təsis olunmuş partiyamız bu gün dünyanın, regionun tanınmış siyasi güc mərkəzi və Cənubi Qafqaz regionunda yerləşən ölkələr içərisində yaranan siyasi partiyalar arasında ən uzunömürlü və ən çox iqtidarda olan siyasi partiyadır. Onun sözlərinə görə, 1993-cü ildə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qısa müddət ərzində ictimai-siyasi sabitliyi bərpa edərək ölkəmizi inkişaf yoluna çıxardı. Onun sözlərinə görə, hazırda Heydər Əliyev siyasətini uğurla davam etdirən partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparır. Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səmərəli fəaliyyətindən də danışan vitse-spiker həmçinin qeyd edib ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, onun Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun daha da yüksəlməsi istiqamətindəki səyləri bu prosesdə Azərbaycan qadınlarının təmsilçiliyi kimi də qəbul olunmalıdır.

B.Muradova, eyni zamanda, müxtəlif zamanlarda ölkəmizdə sabitliyi pozmaq cəhdlərinin olduğunu və bu təxribatların qarşısının alınmasında YAP üzvlərinin öndə dayandığını bildirib: “Ötən illər ərzində Azərbaycan əhəmiyyətli dərəcədə güclənib, dünyada nüfuzu artıb. Azərbaycanın güclənməsinə baxmayaraq, onun güclü olmasını istəməyən qüvvələr də boş dayanmırlar, yeni planlar qururlar. Təəssüf ki, həmin qüvvələrin arasında xaricdə yaşayan həmvətənlərimiz də var. Onların məqsədi ölkəmizdə sabitliyi pozmaqdır. Biz bu məsələyə ciddi diqqət yetirməliyik və həmişəki kimi onların qarşısında durmalıyıq”.

“Ölkəmizin qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının üzvlərinin özünəməxsus rolu var. Partiyamızın üzvləri seçkili orqanlarda, hakimiyyətin müxtəlif qollarında, o cümlədən parlamentdə dövlət siyasətinə dəstək olurlar. Onlar bu gün görülən bütün qlobal işlərə öz töhfələrini verirlər”, - deyən B.Muradova onu da qeyd edib ki, bu gün YAP-ın təşkilati strukturları, insani resursları mütəşəkkil qaydada fəaliyyət göstərir. Onun sözlərinə görə, partiyanın Qadınlar Şurası və Gənclər Birliyi də uğurla çalışırlar: “Partiyamızın qadınlar və gənclər qolu ölkəmizdə müxtəlif layihələr həyata keçirməklə ayrı-ayrı ölkələrin siyasi təşkilatları ilə də əməkdaşlıq edirlər. Bütövlükdə, partiyamızın özünün beynəlxalq fəaliyyəti xüsusilə təqdirəlayiqdir. YAP regionun yeganə siyasi təşkilatıdır ki, Avropa, Asiya, Amerika qitələrində fəaliyyət göstərən siyasi təşkilatlarla qarşılıqlı tərəfdaşlıq əlaqələri qurub. Eləcə də böyük ölkələrin nüfuzlu partiyaları ilə münasibətlər mövcuddur. Bu münasibətlər partiyalar səviyyəsində dövlətlərarası əməkdaşlığa töhfələr verir. Hesab edirəm ki, bu fəaliyyət region ölkələrinin siyasi təşkilatları üçün nümunədir. Əgər 26 yaşı olan bir partiya 25 il iqtidardadırsa və xalqın mütləq əksəriyyəti onun siyasətini dəstəkləyirsə, bu, həmin ölkəyə yalnız uğur, rifah və çiçəklənmə gətirir. Bu illər ərzində əldə etdiyimiz ən böyük nailiyyətlər sırasında üç amili qeyd etmək istəyirəm. Birincisi müstəqilliyimizdir ki, müstəqillik hər bir xalqın əvəzsiz sərvətidir. İkincisi Heydər Əliyev irsidir. Heydər Əliyev irsi bizim üçün bitməz-tükənməz enerji mənbəyidir və uğurlarımızın əsasını təşkil edir. Üçüncü amil isə Yeni Azərbaycan Partiyasıdır. Partiyamızda yüz minlərlə insan vahid amal uğrunda birləşib. Bu üç amil bizim üçün həm güc mərkəzi, həm davamlı, dayanıqlı istinadgah, həm də uğrunda mübarizə apardığımız hədəflərdir”.

Sonra çıxış edən YAP-ın gənc üzvü Mehman Musayev Heydər Əliyev irsinin Azərbaycan gəncliyi üçün böyük məktəb olduğunu vurğulayıb. Ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirildiyini deyən M.Musayev bu siyasətdən bütün gənclərin bəhrələndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyev gəncliyin inkişafına xüsusi diqqət yetirir: “Eyni zamanda, Yeni Azərbaycan Partiyası gənclərin öz bilik və bacarıqlarını artırmaq və ifadə etmək üçün geniş imkanlar yaradıb. Məhz buna görədir ki, ölkəmizin sağlam ruhlu gəncləri özlərinin gələcək siyasi talelərini YAP-la bağlayırlar”.

Tədbirə yekun vuran Baş nazirin müavini, YAP Sədrinin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının gələcəkdə daha böyük uğurlar qazanacağına əminliyini ifadə edib.