YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhsün Nağısoylu: Azərbaycan dilinin inkişafı və qorunması istiqamətində bir çox əhəmiyyətli sənədlər qəbul edilib

“Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı ana dilimizə olan diqqətin daha bir nümunəsidir. Fərmana əsasən, Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi" publik hüquqi şəxs yaradılacaq”. Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.

M.Nağısoylu bildirib ki, ana dili bizim varlığımız, milli kimliyimizdir. Onun sözlərinə görə, ana dilimizin inkişafı və qorunması istiqamətində bir çox əhəmiyyətli sənədlər qəbul edilib. Dövlət dilinin həyatın hər bir sahəsində qeyd-şərtsiz işləkliyinin genişləndirilməsini və saflığının qorunmasını nəzərdə tutan sənədlər ölkədə dövlət dilinin tətbiqinin normativ-hüquqi əsaslarını və icra mexanizmini tam müəyyən edib.

“Bütün bunlar Azərbaycan dilinə, məhz dövlətçiliyin əsas atributlarından biri kimi yanaşmanın bariz nümunəsi, dövlətin yüksək diqqət və qayğısının aydın təzahürüdür. Atılan addımlar, ədəbi dilin daha da zənginləşməsi və tətbiq dairəsinin genişlənməsi baxımından, son dərəcə əhəmiyyətli olub. Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı da bu baxımdan böyük önəm kəsb edir. Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Fərmanda vurğulandığı kimi, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirməyə imkan vermirdi. Məhz belə bir zamanda, Fərmanın imzanlanması təqdirəlayiqdir. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması da bəzi radio və televiziya kanallarının aparıcılarının dilimizin saflığının qorunmasına riayət etməsinə səbəb olacaq Monitorinq Mərkəzinin yaradılması mövcud nöqsanların aradan qaldırılmasında əhəmiyyətli təsir göstərəcək”-deyə, direktor qeyd edib.