YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Budapeştdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Azərbaycanın gənc rəssamları Macarıstanda” adlı sərgi açılacaqdır

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi ilə birgə mayın 13-dən 16-dək Budapeşt şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Azərbaycanın gənc rəssamları Macarıstanda” adlı sərgi keçirəcəkdir. 

“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzindən bildirmişlər ki, məqsəd Azərbaycanın gənc rəssamlarının istedadını bir daha nümayiş etdirmək, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaq, mədəniyyətlər arası dialoqun inteqrasiyasının vacibliyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, eyni zamanda Prezidenti İlham Əliyevin öz çıxışlarında daim vurğuladığı azərbaycanlılar arasında həmrəyliyin Azərbaycan dövlətinin qüdrətlənməsində və inkişafında əsas şərt kimi irəli sürülməsinə bir daha diqqəti cəlb etməkdir.

Mədəniyyət və Turizm Nazirliyi və KOQART qalereyasının təşkilati dəstəyi ilə reallaşacaq sərgidə iştirak etmək üçün Azərbaycandan geniş nümayəndə heyəti mayın 13-dən 19-dək Macarıstanda səfərdə olacaqdır.

Sərgidə 29 rəssamın 120 əsəri nümayiş etdiriləcəkdir.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda mədəniyyət sahəsində yeni bir siyasətin əsası qoyulmuşdur. Məhz bu siyasətin nəticəsidir ki, bu gün dünyanın hər bir yerində belə sərgilərin keçirilməsi Azərbaycan üçün artıq ənənəvi hal almışdır.

Mərkəzdən onu da bildirmişlər ki, bu ilin əvvəlindən Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün yeni layihənin icrasına başlanmışdır. Ona görə də sərgini aksiya şəklində keçirilməsi planlaşdırılmışdır. Sərgidə satışa çıxarılacaq əsərlərdən əldə olunacaq gəlirin 25 faizi səfirliyin xətti ilə görmə qabiliyyəti zəif olan uşaqların hesabına köçürüləcəkdir.

Azərbaycanın gənc rəssamları Macarıstanın görməli yerlərini ziyarət edəcək, Avropanın mədəniyyət mərkəzi sayılan Vyana şəhərinə bir günlük səfər edəcəklər.

Sərginin açılışı mayın 14-də KOQART qalereyasında olacaq və 3 gün davam edəcəkdir.

Sonda iştirakçı rəssamlara və KOQART qalereyasının rəhbərliyinə sertifikatlar təqdim olunacaqdır.