YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ekspert: Azərbaycan iqtisadiyyatına investisiyalar 2014-cü ilin proqnozunu üstələyəcək

Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 2014-cü il üçün investisiya proqnozlarını üstələyəcək. Bunu Trend-ə iqtisad elmlər doktoru, Nazirlər Kabinetinin Qiymət, iqtisadi və maliyyə-kredit siyasəti şöbəsinin sabiq müdiri Oqtay Haqverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 8-də Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, investisiya ölkənin makroiqtisadi inkişafının ən vacib göstəricisidir: "Cari ilin il 9 ayında Azərbaycan iqtisadiyyatına 19 milyard dollar investisiya yatırılıb, bunun 8 milyard dolları xarici investisiyalardır. Çətin ki, dünyada investisiyaların belə səviyyədə olduğu daha bir ölkə tapmaq mümkün olsun. Bununla yanaşı, 2014-cü il üçün təqribən 20 milyard dollar həcmində kapital qoyuluşu proqnozlaşdırılıb, yəni biz cari göstərici nəzərə alınmaqla investisiya proqnozunu ilin sonunadək üstələcəyik".

O.Haqverdiyevin fikrincə, Azərbaycanda makroiqtisadi vəziyyət dünyada davam edən maliyyə-iqtisadi böhran fonunda nadir istisnadır. Eyni zamanda, ekspert dünya bazarlarında neftin qiymətinin azalması dinamikasından narahatlığını ifadə edib: "Neftin qiyməti hazırda Azərbaycan iqtisadiyyatı üçün yeganə narahatlıq doğuran məqamdır. Məsələn, 2008-ci ildə neftin qiyməti azalanda dövlət büdcəsinin kəsiri 1,5 milyard manat təşkil edib. Düşünmürəm ki, bizi belə sonluq gözləyir, lakin gələn il neftin qiymətinin azalma tendensiyası davam edərsə, 2015-ci il üçün proqnozlarımıza yenidən baxmalı olacağıq".

O vurğulayıb ki, bu cür tendensiyaya baxmayaraq, 2014-cü il dövlət büdcəsinin proqnozlarının icra edilməməsindən söhbət gedə bilməz: "Birinci yarımillikdə və hətta üçüncü rübün əvvəlində neftin qiyməti hökumətin müəyyənləşdirdiyi optimal həddən - 100 dollardan (dövlət büdcəsinə daxil edilmiş) yüksək idi. Yəni biz ilin əvvəlindən müəyyən ehtiyat topladıq. Neft planlaşdırılandan daha yüksək məbləğə satıldı. Üstəlik, əgər Azərbaycan neftinin qiyməti ilin sonunadək indiki 90-95 dollar səviyyəsində qalarsa, o zaman orta illik qiymət 100 dollardan aşağı düşməyəcək".

Ekspert əlavə edib ki, gələn il Azərbaycan üçün neftin optimal qiyməti də 100 dollar olacaq, lakin qiymət azalması tendensiyası davam edərsə, ona yenidən baxılacaq.

DİGƏR Xəbərlər Arxiv