YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Separatizm dünya düzəninə təhdid kimi” mövzusunda beynəlxalq konfrans keçirilib

Oktyabrın 3-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Separatizm dünya düzəninə təhdid kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov konfransı açaraq separatizmin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə qarşı yönəlmiş əsas təhdidlərdən biri olduğunu bildirib.

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin hazırda qlobal arenada cərəyan edən separatizm proseslərinin beynəlxalq dialoq və dövlət quruculuğunun təməl dayaqlarını sarsıtdığını söyləyib.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluq etdiyi “Separatizm nəzəri və hüquqi kontekstdə” mövzusundakı birinci paneldə Almaniyanın Boxum Rur Universiteti nəzdində fəaliyyət göstərən Sülh və Hərbi Münaqişələr üzrə Beynəlxalq Hüquq İnstitutunun aparıcı təhlilçisi Hans-Yoahim Hayntze, “Elcano” Kral İnstitutunun baş analitiki İqnasio Molina və Ankara Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi Cavid Abdullazadə beynəlxalq hüquqda öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü prinsipi, məcburi sesessiya, habelə Avropada separatizm və Kataloniya məsələsinə dair məruzələrlə çıxış ediblər.

SAM-ın xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyevin moderatoru olduğu “Şərqi Avropa və Cənubi Qafqazda ərazi bütövlüyü və separatizm” mövzusundakı növbəti paneldə isə deputat Rasim Musabəyov, Serbiyanın Beynəlxalq Siyasət və İqtisadiyyat İnstitutunun Avrasiya Tədqiqat Mərkəzinin sədri Duşan Prorokoviç, Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun aparıcı elmi işçisi Giorgi Badridze və Moldova Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi Oktavian Taku mövzuya dair məruzə ediblər.