YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

General Qasım Rezayi: ən sabit sərhədimiz Azərbaycanla olan sərhədimizdir

İran İslam Respublikası 900 min kilometr dövlət sərhədinə malikdir. Ən sabit sərhədimiz isə Azərbaycan Respublikası ilə olan sərhəd xəttimizdir. Buna qarşılıqlı əməkdaşlıq nəticəsində nail olmuşuq.

Bu sözləri İranın Sərhəd Xidmətinin rəisi general Qasım Rezayi deyib. General diqqətə çatdırıb ki, Azərbaycan sərhədçiləri ilə qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq sərhəd pozuntusunun qarşısı qısa zaman kəsiyində alınır. Narkotik vasitələrin və silah-sursat qaçaqmalçılığına, qanunsuz miqrasiyaya qarşı Azərbaycan Dövlət Sərhəd Xidməti ilə birlikdə mübarizə aparılır.

Qasım Rezayi bildirib ki, İranın Əfqanıstan və Pakistanla sərhədində tez-tez silahlı toqquşmalar baş verir. Narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan quldur dəstələri İran ərazisindən tranzit kimi istifadə edib, narkotiklərin Azərbaycan və Türkiyə üzərindən Avropa ölkələrinə daşınmasına cəhd edirlər. Lakin bu cəhdlərin qarşısı alınır. Həmin sərhəd zonalarından terrorçu qruplar da İran ərazisinə soxulmağa çalışırlar. Bu kimi halların qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər zamanı 4 minə yaxın İran sərhədçisi şəhid olub. Hər gün bu sərhəddə 10-dək hadisə baş verir.

“Biz Avropaya narkotik vasitələrin daşınmasının qarşısını cidd-cəhdlə almağa çalışırıq. Bunun üçün Avropadan kömək istəsək də, müsbət cavab ala bilmirik”, - deyə general vurğulayıb.

Ötən il Bakıya səfərini xatırladan general deyib ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə yaxından tanış olub. Azərbaycanda sərhəd mühafizəsi yüksək səviyyədə təşkil edilib. İran sərhədçiləri öz fəaliyyətlərində Azərbaycan sərhədçilərinin təcrübəsindən də istifadə edirlər. Narkotik vasitələrin qaçaqmalçılığının qarşısını almaqda İran sərhədçilərinin də böyük təcrübəsi var. “Biz bu təcrübəni azərbaycanlı həmkarlarımızla bölüşürük. Gələcəkdə Azərbaycan sərhədçiləri ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik”, – deyə Qasım Rezayi bildirib.