YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında Fərman imzalayıb

Prezident İlham Əliyev oktyabrın 8-də sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında Fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilib, minlərlə yeni iş yeri yaradılıb. Ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalını daha da artırmaq məqsədilə hazırda sənaye parklarının yaradılması istiqamətində iş aparılır.

Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində və yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsinin daha bir istiqaməti də ölkənin ayrı-ayrı şəhərlərində sənaye məhəllələrinin yaradılmasıdır. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və sair məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.

Fərmana əsasən, müəyyən edilib ki, sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Bu məhəllələrin yaradılması haqqında qərarı İqtisadiyyat və Sənaye Nazirliyinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti qəbul edir. Sənaye məhəllələrinin yaradılması və fəaliyyəti ilə bağlı müvafiq ərazilərin yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun qurulması və sənaye məhəllələrində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili ilə bağlı müvafiq tədbirləri İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir. Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilir.

Nazirlər Kabinetinə tapşırılıb ki, İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə üç ay müddətində “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.

İqtisadiyyat və Sənaye Nazirliyinə sənaye məhəllələrinin fəaliyyətinin təşkili, tənzimlənməsi və həyata keçirilməsi, məhəllələrin iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, habelə məsləhətçilərin cəlb edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etmək tapşırılıb.