YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Çində işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tiencin şəhərində Dünya İqtisadi Forumunun (DİF) prezidenti Börge Brende ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, DİF-in xətti ilə təşkil edilən Yeni Çempionların İllik Toplantısı çərçivəsində keçirilən görüşdə həmsöhbətlər Azərbaycan ilə Forum arasında təşəkkül tapmış ənənəvi əlaqələri məmnuniyyətlə qeyd ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin DİF-in illik toplantılarına qatılması və çıxışları xüsusi vurğulanıb. Ölkəmizin DİF-in müasir dünya qarşısında iqtisadi, siyasi, ictimai və ekoloji sahələrdə duran Dördüncü sənaye inqilabı dövrünə aid təhdidlərin cavablandırılmasına həsr edilmiş hazırkı toplantıda da iştirak etməsi bunun təzahürü olaraq təqdirəlayiq hal kimi dəyərləndirilib.

Nazir Elmar Məmmədyarov qlobal iqtisadi inkişaf meyillərinin izlənilməsinə və onun perspektivlərinin proqnozlaşdırılmasına həsr edilmiş DİF-in illik hesabatlarında Azərbaycanda biznes fəaliyyəti üçün şəraitin və rəqabət qabiliyyətinin təmin olunması, yeni iş yerlərinin açılması üzrə göstəricilərin ildən-ilə artmasının təsadüfi xarakter daşımadığını qeyd edib. O, ölkəmizdə aparılan islahatların və həyata keçirilən inkişaf proqramlarının nəticəsi olan bu müsbət nailiyyətlər sayəsində sabit və dayanıqlı inkişafın təmin edildiyini vurğulayıb.

Xalqımızın rifahı naminə Azərbaycanın zəngin potensialından daha da səmərəli istifadə edilməsi məqsədilə regional əməkdaşlıq layihələrinə böyük diqqət yetirildiyini deyən nazir Elmar Məmmədyarov neft-qaz sektorunda həyata keçirilən strateji layihələrlə yanaşı, Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin əhəmiyyətindən bəhs edib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğunun regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olmaqla bərabər, Cənubi Qafqaz bölgəsi və daha geniş məkanda hərtərəfli əməkdaşlığa əngəl törətdiyini deyib.

Həmsöhbətlər Azərbaycan ilə DİF arasında ənənəvi əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, ölkəmizin qlobal iqtisadiyyat sistemində tutduğu yer, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.