YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Paolo Alli: Azərbaycan Qafqaz regionunda sabitliyin təminində açar rolunu oynayır

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 13-də NATO Parlament Assambleyasının sədri Paolo Allinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, NATO ilə əməkdaşlıq ölkə siyasətinin əsas prinsiplərindən biridir. Azərbaycanın 24 ildir bu qurumla uğurlu əməkdaşlıq etdiyini söyləyən Milli Məclisin sədri vurğulayıb ki, bu illər ərzində NATO-nun ən yüksək səviyyəli nümayəndələrinin ölkəmizə səfərləri olub.

Oqtay Əsədov diqqətə çatdırıb ki, Azərbaycan NATO tərəfindən həyata keçirilən sülhməramlı dəstək proqramlarında iştirak edir. Hazırda 120 Azərbaycan əsgəri Əfqanıstanda xidmət edir. Milli Məclisin sədri ölkəmizin təkcə NATO ilə deyil, həmçinin NATO Parlament Assambleyası ilə də əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı danışıqlar prosesi barədə məlumat verən Oqtay Əsədov NATO PA-da bu məsələ ilə əlaqədar sənədin qəbulunun vacibliyini qeyd edib.

NATO-da enerji təhlükəsizliyinin çox vacib məsələ olduğunu deyən Milli Məclisin sədri bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, Qədim İpək yolunun dəmir yoluna çevrilməsi layihəsi Asiya və Avropa arasındakı məsafəni daha da azaldır.

NATO Parlament Assambleyasının sədri Paolo Alli söyləyib ki, Cənubi Qafqazdakı təhlükəsizlik bütövlükdə dünya üçün olduqca böyük əhəmiyyət kəsb edir. “Biz bilirik ki, Azərbaycan Qafqaz regionunda sabitliyin təminində açar rolunu oynayır”,- deyə Paolo Alli qeyd edib. O, Azərbaycanın NATO əməliyyatlarındakı uğurlu iştirakını da xüsusi qeyd edib.

Paolo Alli Azərbaycan nümayəndə heyətinin NATO PA-dakı fəaliyyətini təqdirəlayiq hal hesab edib.

Görüşdə əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.