YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Böyük Millət Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub

Avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.

Əvvəlcə Milli Məclisin sədri Oqtay Əsədov ilə Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın təkbətək, sonra geniş tərkibdə görüşü olub.

Oqtay Əsədov Azərbaycan-Türkiyə münasibətlərinin bütün istiqamətlərdə inkişaf etdiyini deyib. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, bu münasibətlərin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri böyük rol oynayır.

İqtisadi əlaqələrdən danışan Oqtay Əsədov qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi milyardlarla ölçülür. 2017-ci ildə ticarət dövriyyəsi iki milyard altı yüz milyon dollar olub. Ticarət dövriyyəsinin həcmini artırmaq istiqamətində hər iki ölkə səylə çalışır.

Milli Məclisin sədri Türkiyə ilə Azərbaycanın həyata keçirdiyi birgə regional layihələrdən söz açaraq bildirib ki, bu layihələr ölkələrimizin rifah halının yaxşılaşdırılmasına böyük kömək edəcək.

Oqtay Əsədov parlamentlərimiz arasında da əlaqələrin davamlı olaraq genişləndiyini deyib. Qeyd edib ki, Milli Məclisin 59 deputatı Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvüdür.

Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olduğunu vurğulayan Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, bu səfər çərçivəsində ikitərəfli və regional əməkdaşlığın, parlamentlərarası əlaqələrin inkişafı üçün müzakirələrin aparılacağını bildirib.

Binəli Yıldırım ölkələrimiz arasındakı əlaqələrin mükəmməl səviyyədə olduğunu, bütün sahələrdə çox sıx və səmərəli əməkdaşlıq qurulduğunu qeyd edib.

Türkiyə Böyük Millət Məclisinin sədri dərin köklərə malik qardaşlıq və dostluq münasibətləri olan Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.