YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnsanın və insanlığın özü-Mehriban Əliyeva!

Jalə Əliyeva
Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini

İnsanlar həyatda təxminən üç qrupa bölünür: İnsanlar var ki, dünyaya səssiz-səmirsiz gəldikləri, xüsusi fəaliyyətləri ilə seçilmədikləri, yadda qalmadıqları kimi, gedişləri də eləcə səssiz-səmirsiz, izsiz-tozsuz olur. İnsanlar var ki, gəlişləri də, gedişləri də dünyaya bir bəla, bir qara ləkədir, cəhənnəm əzabından başqa bir şey deyil. Sanki dünyanı qana çalxalamaqdan həzz alırlar. Amma insanlar da var ki, İnsanlıq adına şərəf, hörmət, gətirirlər. Onların Yer üzünə, dünyaya gəlişləri sanki Tanrının İnsana, İnsanlığa, bəşəriyyətin təhlükəsizliyinə, əmin-amanlığına, tərəqqisinə, çiçəklənməsinə bir lütfüdür. Böyük Yaradan onları məhz elə bir vaxtda, elə bir çalxantılı məqamda Yer üzünə göndərir ki, onların varlığına, mövcudluğuna böyük ehtiyac duyulur... Kürreyi-ərz, bəşəriyyət, məhz  belələrinə, İnsanlıq adına şərəf gətirənlərə təşnə olur... Tarixən belə insanlar çox olub. Yəqin ki, Dünya və İnsanlıq var olduqca, yaşadıqca,  bu missiyanın daşıyıcıları olan İnsanlar da var olacaqlar...

Belə İnsanlardan - dünyaya gəlişi, atdığı addımlar, misilsiz fəaliyyətləri, danılmaz xidmətləri ilə İnsanlıq adına hörmət, şərəf gətitən, İnsanlığı İnsan gözündə Göylərə ucaldan ŞEÇİLMİŞLƏRDƏN, könüllərdə TAXT qurmuş, qəlblərdə HEYKƏL ucaltmış Şəxsiyyətlərdən biri də Mehriban xanım Əliyevadır! Bəli, bəli, Mehriban xanım Əliyeva... Keçmiş deputat həmkarımız (əslində isə o hər zaman MİLLƏTinin Vəkillərindən biri olaraq qalacaq, o, bu statusu 12 illik titanik deputatlıq fəaliyyəti ilə əbədi olaraq qazanıb), Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, ölkənin BİRİNCİ XANIMI və BİRİNCİ VİTSE-PREZİDENTİ Mehriban xanım Əliyeva!

1993-cü ilin məlum iyun hadisələrindən və Azərbaycan xalqının təkidli tələblərindən sonra ikinci dəfə hakimiyyət başına gələn və bu gəlişi ilə Azərbaycanı növbəti dəfə sıxıntılardan, çətinliklərdən, oddan-alovdan qurtaran BÖYÜK XİLASKAR Heydər Əliyevin ikinci iqtidarı dövründən, xüsusilə də, 2000-ci illərin əvvəllərindən başlanan BÖYÜK YOL, MÜQƏDDƏS MİSSİYA inamla, öz hədəfləri doğrultusunda uğurla davam etməkdədir... Bu yol Mehriban Əliyeva yolu, bu missiya Mehriban Əliyeva missiyasıdır...İşıqlı bir yol, şərəfli bir missiya...Bu illər ərzində Azərbaycanda elə bir sahə, elə bir proses olmayıb və qalmayıb ki, orada Mehriban xanımın izi, əməyi, xidməti, zəhməti olmasın. Azərbaycanın qazandığı bütün zəfərlərdə, imza atdığı bütün uğurlarda Mehriban xanımın xüsusi rolu, əməyi və payı var...O, hər bir sahəyə, hər bir prosesə, Azərbaycan naminə görülən hər bir işə öz töhfəsini verib və verməkdədir.

Mehriban xanım haqqında çox yazılıb, çox deyilib. Onun haqqında nəinki saatlarla, günlərlə, hətta, həftələrlə, aylarla danışmaq, yazmaq olar. Düşünürük ki, yenə də kifayət etməz, kəlmələr yetməz...Əslində Mehriban xanımın bütün bunlara, xüsusi tərifə, geniş təqdimata heç ehtiyacı da yoxdur. Məsəl var ki, deyirlər görünən dağa nə bələdçi?! Amma və lakin...Bizlərin, Azərbaycan cəmiyyətinin, gələn hər yeni nəslin Onu yaxından və dərindən tanımasına ehtiyac var. Çünki bu, elə bir humanist fəaliyyət, elə bir işıqlı yol, elə bir müqəddəs missiyadır ki, İnsanlıq bunu mütləq bilməli, öyrənməli, əxz etməli, mənimsəməli və sonda əməlində, fəaliyyətində tətbiq etməlidir...

...Elə götürək son bir illik fəaliyyətini...Ötən ilin əvvəllərində ölkə prezidenti cənab İlham Əliyev tərəfindən böyük etimada layiq görülən, Birinci vitse-prezident təyin edilən Mehriban xanım bir ildən bir qədər artıq müddətlik yeni fəaliyyəti dönəmində növbəti uğurlara imza atılıb. Birinci vitse-prezident təyin olunduqdan cəmi bir neçə gün sonra məhz Mehriban xanımın təşəbbüsü və iştirakı ilə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində öz doğma yurd yerlərindən, ata-baba ocaqlarından didərgin düşənlərin, eyni zamanda, Qarabağ müharibəsində iştirak etmiş, yaralanmış, əlil olmuş və Şəhidlik zirvəsinə ucalmış Vətən fədailərinin və onların ailə üzvlərinin - minlərlə insanın mənzil şəraitinin yaxşılaşdırılması üçün yeni şəhərciyin təməlatma mərasimi düzənləndi. Və tam bir il sonra əməli fəaliyyətin nəticəsi...Həmin şəhərciyin təntənəli açılış mərasimi.. .Mehriban Əliyeva daim QOŞA QANAD  kimi birgə addımladığı həyat yoldaşı-ölkə prezidenti cənab İlham Əliyevlə həmin şəhərciyin açılışında iştirak etdi...Bu insanların sevincinə sevinc qatmaqdan, onları həyatın minbir əzab-əziyyətindən qurtarmaq, onlara yaşamaq eşqi bəxş etməkdən böyük nə ola bilər ki?! Bax, Mehriban xanım İnsanlığın belə bir Humanizm daşıyıcısı, mərhəmət nümunəsidir!

...Yaxud başqa bir misal, başqa bir ibrətamiz nümunə... Atalarımızın daha bir yaxşı deyimi də var: əl tutmaq Əlidən qalıb...Yəni, bu, heç də sadəcə maddi dəstək anlamında deyilmiş bir məsəl deyil. Burada daha çox mənəvi dəstək, mənən arxa-dayaq durmaq nəzərdə tutulub. Eyni zamanda, bu deyim əlbəttə ki, maddi dəstək anlamını  da özündə ehtiva edir... Kimsəsiz, köməksiz, yardıma ehtiyacı olanlara kömək etmək, onları sevindirmək... Bu missiya Mehriban xanımın fəaliyyətinin ən başlıca prioritetlərindən biri olub və olmaqdadır. Bu yerdə xatırladım ki, hələ də əsrlərdən üzə bəri davam edən növbəti Müqəddəs Qurban bayramının təsiri, xoş duyğuları altındayıq... Bu bayram paylaşma, yardımlaşma, əl tutma, könül sevindirmə bayramıdır...Mehriban xanım hər il olduğu kimi, bu il də yardıma, köməyə, dəstəyə ehtiyacı olan insanları bir daha sevindirdi. Rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsi ilə yüzlərlə insana mənəvi-maddi dayaq oldu, onlara Qurban əti, bayram sovqatı paylatdırdı. Yenə də bir el məsəli yada düşür: sağ əlin verdiyini sol əl bilməsin gərək. Mehriban xanım da bu yardımını sakitcə, televiziya kameralarından kənar, jurnalist qələmindən uzaq bir şəkildə etdi. Bax Mehriban Əliyeva İnsanlığın belə bir təvazökarlıq daşıyıcısı, şərəf nümunəsidir!

...Mehriban xanım hər il olduğu kimi, son bir il ərzində də ölkə prezidenti ilə birgə paytaxt Bakıda, eləcə də son illər simasi büsbütün dəyişən, gözəlləşən Azərbaycanın müxtəlif bölgələrində səfərlərdə, açılışlarda oldu, öz xeyir-duasını verdi...Həmçinin, Azərbaycanda keçirilən, ölkəmizin növbəti dəfə uğurlu şəkildə ev sahibliyi etdiyi təbdirlərdə, beynəlxalq toplantılarda, idman yarışlarının açılış, mükafatlandırma, bağlanış mərasimlərin iştirak etdi. Bunlardan birinə misal kimi artıq son bir neçə ildə ölkəmizdə keçirilən və bütün dünyaya öz möhtəşəmliyi ilə səs salan Formula 1 yarışlarını göstərmək olar. Cəmi bir neçə ay öncə Azərbaycan, doğma Bakımız növbəti dəfə Formula 1 yarışlarına ehtişamlı şəkildə ev sahibliyi etdi. Həmin yarışın açılıış, mükafatlandırma və bağlanış mərasimlərində dövlətimizin başçısı ilə yanaşı, Azərbaycan idmanının (əslində isə sağlam ruhlu, sağlam düşüncəli, sağlam bədənli Azərbaycan cəmiyyətinin formalaşmasının) böyük himayədarı olan Mehriban xanım Əliyeva da iştirak etdi, yarışın qaliblərinə mükafatları öz əlindən təqdim etdi. Bax Mehriban xanım İnsanlığın belə bir sadəlik daşıyıcısı və səmimilik nümunəsidir!

...Daha bir misal...Bu günlərdə, 20 iyul tarixində ölkəmizdə MDB ölkələri daxili işlər nazirləri şurasının növbəti-5-ci toplantısı keçirildi.Yüksək səviyyəli toplantıda iştirak etmək üçün ölkəmizə gəlmiş rəsmi şəxsləri qarşılayan və qəbul edənlər arasında Mehriban xanım da vardı...O, iclasdan öncə nümayəndə heyətinin bir qrup üzvünü qəbul edərkən söhbəti, müzakirəni yenə də Azərbaycanın ən ağrılı məsələsi olan Ermənistan-Azərbaycan münaqişəsinə, işğal olunmuş ərazilərdən terrorçuluğun və narkotik vasitələrin yayılması üçün istifadə cəhdlərinə, onların yolverilməzliyinə yönəltdi... Ümumiyyətlə, Qarabağ məsələsi, Ermənistanın təcavüzü, işğal faktı, üzləşdiyimiz faciələr, törədilən soyqırmı aktları, onların olduğu kimi dünyaya, bəşəriyyətə çatdırılması, həqiqətin, reallıqların qəbul və etiraf etdirilməsi deyərdim ki, Mehriban xanımın və onun illərdir rəhbəri olduğu Heydər Əliyev Fondunun fəaliyyət istiqmətinin bir nömrəli hədəfi və ən başlıca ana xəttdir. Bu istiqamətdə görülən işlər, göstərilən xidmətlər, çəkilmiş zəhmətlər və təbii ki, onların məntiqi və əməli nəticəsi, bəhrəsi də ortadadır, gözlərimizin  önündədir...Artıq dünya kimin kim olduğunu anlamaqda, işğalçı ilə işğala məruz qalanı fəqrləndirməkdə, ayırmaqdadır. Mehriban xanım adıçəkilən görüşdə də bir daha Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamasına, münaqişənin həllinə bütün vasitələrlə əngəl törətməkdə davam etməsinə diqqəti cəlb etdi və münaqişənin həllinin, sülhə, təhlükəsizliyə təhdid olan bütün davranışların aradan qaldırılmasının vacibliyini bəyan etdi: “Sizin diqqətinizi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bir sıra xarici şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti faktlarına yönəltmək istərdim. Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirən 177 xarici hüquqi şəxs aşkar edilib. Bununla yanaşı, 710 xarici vətəndaş işğal olunmuş ərazilərə gəlib. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, ölkəmizin ərazi bütövlüyünü bütün dünya tanıyıb. Buna görə də bu cür pozuntular, bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Bununla yanaşı, son illərdə bu ərazilərdə narkotiklərin becərilməsi və sonradan transferi üçün istifadə olunması faktları mövcuddur. Bu da sözsüz ki, böyük narahatlıq doğurur. İstər xarici şirkətlər tərəfindən, istərsə də ayrı-ayrı şəxslər tərəfindən bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və bizim dövlətimiz həmin hərəkətlərin dayandırılması və qarşısının alınması üçün bütün qanuni tədbirləri görür və gələcəkdə də görəcək. Əlbəttə, bu cəhətdən biz İnterpolun dəstəyinə çox bel bağlayırıq. Mən bir daha təcrübənizi bölüşdüyünüzə, bizim birgə işimizə dəstək verdiyinizə görə təşəkkür etmək istəyirəm və əminəm ki, gələcəkdə uğurlu əməkdaşlığımızı davam etdirəcəyik!” Bax, Mehriban Əliyeva İnsanlığın belə bir ləyaqət daşıyıcısı, cəsarət nümunəsidir!!!

  ...Sabah bu Alicənab, Humanist, Mehriban, Səmimi, Zərif  və Gözəl xanımın növbəti doğum günü, onun dünyaya gəlişi günüdür... Bu əlamətdar gün münasibəti ilə Mehriban xanımı təbrik edir, ona yorulmaz, bitmək-tükənmək bilməyən ictimai-siyasi fəaliyyətində yeni parlaq zəfərlər, böyük nailiyyətlər, milyonlara nümunə olan gözəl ailəsində daim firavanlıq, xoşbəxtlik diləyirik. Arzu edirik ki, Mehriban xanım növbəti yaşını Azərbaycan dövlətinin dünyada dik, öz ayaqları üstündə möhkəm durması naminə  gecə-gündüz bilmədən çalışan, fədakarlıq nümunəsi sərgiləyən möhtərəm prezident İlham Əliyev cənabları ilə birgə azad olunmuş yurd yerlərimizdə, üçrəngli bayrağımızın ucaldığı Qarabağ torpaqlarında qeyd etsin. Bizcə, bunu ən çox onlar Mehriban xanım və cənab Prezident İlham Əliyev haqq edirlər! Bu, Onların ilahi haqqıdır!!!

Əzizimiz, dəyərlimiz, fəxrimiz  Mehriban xanım! Sizi bir daha doğum gününüz münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı diləyir, Azərbaycanımız var olduqca, Siz də var olun, əbədiyaşar olun, deyirik!