YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Verilən qərarlar, qəbul olunan proqramlar Azərbaycan dilinin inkişafına xidmət edir

«Hər bir millətin mövcudluğu onun ana dilinin qorunması ilə bilavasitə bağlıdır. Millətlərin təşəkkülündə, milli birliyin formalaşmasında zəruri amillərdən biri olan dil həm də özündə xalqların keçdiyi tarixi yolu, onların mədəni sərvətlərini, səviyyələrini ehtiva edir». Bu fikirləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, zaman-zaman ciddi sınaqlarla qarşı-qarşıya qalan Azərbaycan dili xalqımızın milli sərvətidir. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev tərəfindən milli dilimizin qorunması istiqamətində tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul edilib.

«Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Bundan öncə isə 2001-ci ilin iyununda Ulu öndər Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmışdı. Azərbaycan dilinin tarixində bu səviyyədə sənəd qəbul olunmayıb. Çünki sənəddə çox ciddi, fundamental və strateji münasibət ortaya qoyulub. Burada dilin tarixindən başlamış, müasir dövrümüzə qədər olan məsələlər geniş şəkildə öz əksini tapıb. Dövlətin dil siyasətini bütün miqyası ilə olduqca dolğun şəkildə əks etdirən Fərman həm də elmi-metodoloji məzmunu ilə diqqəti cəlb edir. Sənəddə Azərbaycan dilinin mənşəyi məsələsinə ayrıca və geniş yer ayrılıb. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli siyasətin mühüm strateji istiqamətlərindən biri kimi Azərbaycan dilinin mühafizəsi və təbliği yönündə reallaşdırılan fundamental tədbirlər həm də milli ideologiyanın - azərbaycançılığın daha da möhkəmlənməsini və kütləvilik səviyyəsinin daha da artmasını şərtləndirib. Azərbaycançılıq ideologiyası çərçivəsində diqqət yetirilən mühüm strateji istiqamətlərdən biri də ana dilimizin qorunmasıdır. Bu faktor daim diqqət mərkəzindədir. Bu istiqamətdə verilən qərarlar, qəbul olunan proqramlar Azərbaycan dilinin inkişafına xidmət edir»-deyə, akademik vurğulayıb.