YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niyazi Səfərov: Sənaye zonalarına sahibkarların marağı artır

«Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın davamlı inkişaf etdirilməsi və diversifikasiyası, qeyri-neft sektorunun inkişafi, sənayedə rəqabətqabiliyyətli və ixracyönümlü, innovasiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması ilə bağlı kompleks tədbirlər həyata keçirilir». Bu fikri iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərov bildirib ki, sənaye sahəsində biznes fəaliyyətinin dəstəklənməsi və istehsal sahəsində məşğulluğun artırılması məqsədi ilə sənaye zonaları yaradılır, sənayenin inkişafında əhəmiyyətli olan sənaye parklarında və sənaye məhəllələrində sahibkarların səmərəli fəaliyyəti üçün zəruri infrastruktur qurulur. Onun sözlərinə görə, bu sahədə güzəştli rejim tətbiq olunur və sənaye zonalarına sahibkarların marağı artır.

«Hazırda ölkədə kimya, təkrar emal, gəmiqayırma, yüngül sənaye, əczaçılıq və digər sahələrdə ixtisaslaşmış 5 sənaye parkı və 4 sənaye məhəlləsi yaradılıb. İxracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə investisiya təşviqi mexanizminin tətbiqi öz töhfəsini verir. Belə ki, indiyədək 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan artıq investisiyanın yatırılması və 19 minədək yeni iş yeri açılması imkanı yaradılıb, bunlardan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərir. Sənaye zonalarında rezidentlərin sayı 50-yə yaxınlaşır. Ümumi dəyəri 3,6 milyard dollar olan layihələr üzrə sənaye parklarına indiyədək 2,6 milyard ABŞ dollarınadək investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1 milyard dollaradan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur»-deyə, nazir müavini vurğulayıb.