YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Məmmədov: Əsas məqsədlərdən biri müasir dövrümüzün tələblərinə cavab verən, dərin dini və dünyəvi biliklərə malik mütəxəssislərin yetişdirilməsidir

«Azərbaycan İlahiyyat İnstitutunun qarşısına bir sıra məqsəd və hədəflər qoyulub. Əsas məqsədlərdən biri müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsidir». Bu fikirləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov deyib.

C.Məmmədov bildirib ki, sovet dövründə dinin təbliği qadağan idi və dini təhsil müəssisələri bağlanmışdı. Azərbaycanda dini ənənənin zəiflədilməsi ilə müəyyən problemlər yaranmağa başladı. Müstəqilliyimizin bərpasından sonra Azərbaycanda bu sahəyə diqqət daha da artdı.

«Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldiyi gündən etibarən din sahəsinə xüsusi qayğı göstərildi. Məscidlər, kilsələr, sinaqoqlar inşa olundu və təmir edildi. Azərbaycanın müstəqilliyi bərpa edildiyi zaman 17 məscidimiz var idi. Ancaq bu gün ölkəmizdə 2000-dən artıq məscid fəaliyyət göstərir. Bu məscidlərin savadlı, bilikli, zəngin dünyagörüşlü din xadimlərinə, müxtəlif dövlət qurumlarında, təhsil müəssisələrində ilahiyyatçılara böyük ehtiyacı var.
Azərbaycan İlahiyyat İnstitutunda təhsil ödənişsiz əsaslarla olacaq. Bütün qəbul olan tələbələr təqaüdlə təmin ediləcək. Tələbələr beynəlxalq mübadilə proqramları vasitəsilə bir semestr və ya daha artıq Avropa, Amerika və Şərq ölkələrində təhsil almaq imkanı əldə edəcəklər. Eyni zamanda, yüksək nəticə ilə məzun olan bakalavrlar ixtisasları üzrə magistratura və doktorantura təhsilini dövlət xətti ilə xarici ölkələrdə davam etdirə bilərlər. Tələbələrin şəxsi keyfiyyətlərinin, dil biliklərinin yüksək olmasına, dünyəvi biliklərə dərindən yiyələnmələrinə xüsusi önəm veriləcək. İnstitutu bitirənlər Azərbaycanın elm və təhsil müəssisələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarında, həmçinin din xadimi kimi işləmək imkanı qazanacaqlar. İnstitutun əsas fərqli cəhətlərindən biri dövlət təhsil müəssisəsi olması və dövlət tərəfindən maliyyələşdirilməsidir. Əsas özəlliklərimizdən biri də bu təhsil müəssisəni bitirənlərin işlə təmin olunmasıdır. Onların institutu bitirəndən sonra işlə təmin olunması ilə bağlı planlarımız var və bu istiqamətdə işlər aparılır»-deyə, rektor vurğulayıb.